
Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində tullantılarının yandırılması zavodunun tikilməsi qərara alınmışdır. Podratçı şirkətin seçilməsi ilə bağlı İqtisadi İnkişaf Nazirliyi tərəfindən açıq tender keçirilmiş və tenderin qalibi Fransanın “Constructions Industrielles de la Méditerranée S.A.” (“CNİM” S.A.) şirkəti ilə danışıqların yekunu olaraq 2008-ci il 15 dekabr tarixində “Bakı şəhərində bərk məişət tullantılarının yandırılması zavodu”nun layihələndirilməsi, tikintisi, istismarı və texniki xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmışdır. Müqavilə “açar-təhvili” (“turn-key”) tiplidir və “Layihələndirmə-Tikinti-İstismar” (“Design-Build-Operate”) prinsipi ilə həyata keçirilir. Belə ki, zavodun layihələndirilməsi, tikintisi və istismarı bütünlüklə “CNİM” S.A tərəfindən həyata keçirilir.
Zavodun layihələndirmə-tikinti işlərinin ümumi məbləği 346 milyon Avrodur. Balaxanı qəsəbəsində ayrılmış 20 hektar ərazidə inşa olunan və illik gücü 500 min ton təşkil edəcək zavodun layihələndirilməsi, tikintisi və 20 illik istismarı nəzərdə tutulur. Balaxanı bərk məişət tullantılarının yandırılması zavodu hər biri 250 min ton olan 2 xətdən və elektrik enerjisini istehsal edən turbindən ibarətdir. Tullantıların yandırılması prosesi nəticəsində əldə ediləcək elektrik enerjisinin miqdarı ildə 231,5 mln KVt saat enerjiyə bərabər olacaq.
Ətraf mühitin çoxsəviyyəli mühafizəsi mexanizminə malik olan bu zavod Avropa Birliyinin və Azərbaycanın ətraf mühitin qorunmasına dair qoyduqları ən ciddi tələblərə uyğun şəkildə işləyəcək. Belə ki, yanma məhsulu olan qaz tüstüsü xüsusi filtrlərlə tutularaq ətraf mühiti çirkləndirməyəcək. Daha ağır və zərərsiz olan dib külü yol inşası üçün nəzərdə tutulmuş tikinti materiallarında istifadə oluna bilər. Bundan əlavə, tullantının yandırılması zamanı soyutmaq üçün istifadə edilən təchizat suyu yalnız təmizləndikdən sonra çirkab sularına yönəldiləcək. Zavodun tullantı hədlərinin monitorinqi gündəlik olaraq həyata keçiriləcək və nəzarətdə saxlanılacaq.
Fransanın “CNIM” S.A. şirkəti bu sahədə dünyanın ən öncül və aparıcı şirkətlərindən biridir. 50 illik təcrübəyə malik “CNİM S.A” şirkəti Dünyanın bir çox ölkələrində, xüsusilə də Avropada 120-dən çox bu tipli zavodların inşasını həyata keçirmişdir. Şirkətin həyata keçirdiyi layihələrin böyük bir hissəsi tullantıların sadəcə yandırılması deyil, tullantıdan enerji əldə edən zavodlarla bağlıdır. Şirkətin bu tipli zavodların layihələndiricisi və əsas podratçısı kimi böyük təcrübəsi vardır.