
Dünya Bankı ilə Azərbaycan Respublikası Hökumətinin birgə həyata keçirdiyi “Abşeronun Ekoloji Bərpası Proqramı” çərçivəsində reallaşdırılması nəzərdə tutulan “Bərk məişət tullantılarının kompleks idarəçiliyi” layihəsinin məqsədi bərk məişət tullantılarının yığılması və utilizasiyasının davamlı və sistemli təşkili üçün aparılan islahata yardım etməkdir.
Mayın 20-də layihə üzrə Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı arasında Kredit sazişi imzalanmışdır. Sənədi Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri cənab Şahin Mustafayev və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri cənab Qreqori Yedrjeyçak imzalamışlar.
Layihədə nəzərdə tutulmuş tədbirlər 5 komponent üzrə həyata keçiriləcəkdir.
Belə ki, layihənin institutsional islahat, potensialın artırılması və layihənin idarə olunması komponentinə əsasən, strateji planlaşdırmanın tamamlanmasına və “Təmiz Şəhər” ASC-nin qurulmasına, fəaliyyətinə və inkişafına dəstək veriləcəkdir. Bu sahədə beynəlxalq təcrübəyə malik olan ən azı bir xarici mütəxəssis daimi olaraq “Təmiz Şəhər” ASC-də çalışacaqdır. Bundan başqa, müxtəlif spesifik məsələlər üzrə mütəxəssislərin cəlb edilməsi də nəzərdə tutulur.
Layihənin Balaxanı poliqonunun təkmilləşdirilməsi və idarə edilməsi komponenti çərçivəsində bərk məişət tullantılarının idarə edilməsi üzrə ətraf mühitə göstərilən təsirə nəzarət edilməsi, mövcud poliqonun səmərəliliyinin artırılması və müasir standartlara uyğun avadanlıq və texnikanın alınması (körpü tərəziləri, buldozerlər və s.), tikinti işləri (hasarlama, tullantıların basdırılması, daxili yolların çəkilməsi və s.) maliyyələşdiriləcəkdir. Balaxanı poliqonunun fəaliyyətinin təkmilləşdirilməsi ilə yanaşı, onun gələcəkdə bağlanmasına hazırlıq işləri də görüləcəkdir.
Bununla bərabər, yeni müasir poliqonların tikintisi üçün hazırlıq işləri həyata keçiriləcəkdir.
Layihənin digər poliqonların bağlanması və idarə edilməsi komponenti üzrə Bakı şəhəri ərazisindəki qeyri-rəsmi zibilliklərin bağlanması və təmizlənməsi, digər poliqonların idarə edilməsinin təkmilləşdirilməsi (və ya bağlanması) maliyyələşdiriləcəkdir.
Tullantıların toplanması üçün avadanlıq komponenti çərçivəsində Bakı şəhərinin rayonlarında, o cümlədən hazırda tullantıların effektiv şəkildə toplanmadığı ərazilərdə xidmətin keyfiyyətinin yüksəldilməsi tədbirləri həyata keçiriləcək, ən çox tələb olunan yerlərdə bərk məişət tullantılarının toplanmasının miqyasını və xidmətin səmərəliliyini artırmaq üçün yük maşınlarının və zibil qablarının alınması maliyyələşdiriləcək.
Sonuncu – layihədən sonrakı investisiyaların texniki hazırlığı komponenti üzrə isə yeni tullantı poliqonlarının yaradılması üçün zəruri olan texniki-iqtisadi əsaslandırma və ətraf mühitə təsirin qiymətləndirilməsi, tullantıların toplanması sisteminin səmərəliliyi üçün yükboşaltma məntəqələrinin təşkili həyata keçiriləcək.
Qeyd olunan tədbirlər nəticə etibarilə məişət tullantıları probleminin əsasən həllinə, Bakı və Abşeronda ekoloji vəziyyətin yaxşılaşmasına, zərərli tullantılar səbəbindən içməli suya, ətraf mühitə və vətəndaşların sağlamlığına təhlükə törədən amillərin aradan qaldırılmasına imkan yaradacaqdır.
5 il müddətinə nəzərdə tutulmuş layihə üzrə vəsaitin ümumi dəyəri 41,5 milyon ABŞ dollarıdır. Dünya Bankının layihə üzrə kredit məbləği 29, milyon ABŞ dollarıdır və Beynəlxalq Yenidənqurma və İnkişaf Agentliyinin xətti ilə maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Vəsaitin qalan hissəsi Azərbaycan Hökumətinin layihə üzrə payı və ƏDV öhdəçiliyidir.