Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən, ölkədə təkrar istehsalı inkişaf etdirmək məqsədi daşıyan Balaxanı Sənaye Parkı yaradılıb. 2017-ci ildə dövlətimizin başçısının iştirakı ilə Balaxanı Sənaye Parkının açılışı olub. İlkin mərhələdə 7 hektar olan sənaye parkının ərazisi sahibkarların marağının artması nəzərə alınaraq 10,15 hektara çatdırılıb.
Balaxanı Sənaye Parkının yaradılmasında əsas məqsəd təkrar emal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaqdır. Sənaye parkı ərazisində mexaniki emal və istehsal qurğuları üçün bütün şərait və lazımi dəstək dövlət tərəfindən təmin edilir. Müasir texnoloji yeniliklər tətbiq edilməklə dayanıqlı inkişaf prinsiplərinə və ətraf mühitin mühafizəsi standartlarına uyğun fəaliyyət göstərən Balaxanı Sənaye Parkı tullantıların təkrar emalı ilə məşğul olmaq istəyənlər üçün əlverişli işgüzar məkandır. Burada fəaliyyət göstərən rezidentlər 10 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən azad edilir. Eyni zamanda, istehsal məqsədilə idxal edilən texnoloji avadanlıqlar 10 il müddətinə ƏDV-dən, 7 il müddətinə isə idxal rüsumundan azaddır.
Sənaye parkının Balaxanı şəhər tullantılarının çeşidlənməsi və Bakı bərk məişət tullantılarının yandırılması zavodlarına, o cümlədən əsas nəqliyyat qovşağına yaxınlığı xammal və enerji təchizatına əlverişli imkan yaradır. Hazırda burada 27 istiqamət üzrə məhsul istehsal edilir və daxili bazarda satışa çıxarılmaqla yanaşı, təkrar emal olunan məhsullar xarici öllkələrə də ixrac edilir. 25 rezidentin qeydiyyatdan keçdiyi və 1000 nəfərdən çox insanın çalışdığı Balaxanı Sənaye Parkında fəaliyyət göstərməkdə maraqlı olan sahibkarlar “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə müraciət edə bilərlər.
Balaxanı Sənaye Parkının əsas üstünlükləri:
- “Vahid pəncərə” sistemi;
- Əlverişli vergi güzəştləri;
- Bir məkanda vahid infrastruktur;
- Əldə edilən təkrar emal məhsullarının həcmini artırmaq;
- Yaşıl biznesin genişləndirilməsi nəticəsində ətraf mühitə mənfi təsirin azaldılması.