Bərk Məişət Tullantılarının Yandırılması Zavodu
Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində inşa olunmuşdur. Zavodun inşası ilə bağlı keçirilmiş tenderin qalibi olan Fransanın CNİM şirkəti tərəfindən layihələndirmə və “açar-təhvili” prinsipi əsasında tikinti işlərinə başlanılmışdır. Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il 3 noyabr tarixində zavodun təməlini qoymuş, 2012-ci il 19 dekabr tarixində isə açılışını etmişdir. Balaxanı qəsəbəsində ayrılmış 20 hektar ərazidə inşa olunan və illik gücü 500 min ton məişət tullantısı, o cümlədən 10 min ton tibbi tullantı təşkil edən zavodun idarəetməsi hazırda Fransanın PAPREC Enerji Azərbaycan şirkəti tərəfindən həyata keçirilir. Zavod tullantıların yandırılması prosesi nəticəsində il ərzində 200 milyon kvt/saata qədər elektrik enerjisi hasil etmək gücünə malikdir və il ərzində burada əldə edilən enerji ilə 100 min ev təsərrüfatını elektrik enerjisi ilə tam təmin etmək mümkündür. Dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulan zavod istehsal gücünə görə şərqi Avropada və MDB məkanında bu tipli ən iri zavod hesab olunur və Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir. Yanma prosesindən sonra daha ağır və zərərsiz olan dib külü yol inşaatında tikinti materialı kimi istifadə oluna bilər. Yanma məhsulu olan tüstü külü isə xüsusi filtrlərlə tutularaq ətraf mühiti çirkləndirmir. Bundan əlavə, tullantının yandırılması zamanı texnoloji avadanlıqları soyutmaq üçün istifadə edilən təchizat suyu da təmizləndikdən sonra axıdılır. Zavodun tullantı hədlərinin monitorinqi gündəlik olaraq həyata keçirilir və nəzarətdə saxlanılır.