DİQQƏT: 

Utilizatorların qeydiyyatının və nəqliyyat vasitələrinin utilizasiyaya verilmə prosesinin 2024-cü ilin 1 sentyabr tarixindən başlanması nəzərdə tutulur.

Nəqliyyat vasitəsinin utilizasiyaya verilməsinin xüsusiyyətləri

  • nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllüdür;
  • utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitələri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin IX-I və IX-II hissələri ilə müəyyən edilən qaydada dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır;
  • güzəşt və ya birdəfəlik ödəniş hüququ verən təsdiqedici sənəd əldə etmək üçün nəqliyyat vasitəsi operatorun apardığı aidiyyəti reyestrdə qeydiyyata alınmış utilizatorlara  verilməlidir.


DİQQƏT:

Reyestrdə qeydiyyata alınmamış şəxslərin təsdiqedici sənəd (güzəşt və ya birdəfəlik ödəniş hüququ) vermək hüququ yoxdur!

Əgər təsdiqedici sənəd əldə etmək niyyətiniz varsa, nəqliyyat vasitəsini utilizatora təhvil verməzdən əvvəl həmin utilizatorun operator tərəfindən reyestrdə qeydiyyata alınıb-alınmamasını mütləq dəqiqləşdirin

 

Nəqliyyat vasitəsinin utilizasiyaya qəbulu

Utilizatorlar tərəfindən nəqliyyat vasitələrinin utilizasiyaya qəbulu növbəlilik qaydasındaödənişsiz həyata keçirilir;

Utilizatorlar nəqliyyat vasitəsini utilizasiyaya qəbul edərkən aşağıdakı sənədləri tələb edirlər:

  • nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizə;
  • nəqliyyat vasitəsini utilizasiyaya mülkiyyətçi adından digər şəxs verdikdə, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu təsdiq edən etibarnamə;
  • nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması barədə aidiyyəti dövlət qeydiyyat orqanının yazılı məlumatı;
  • fiziki şəxsin şəxsiyyətini təsdiq edən, hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədin surəti.


Ərizə və ona əlavə olunan sənədlər ərizəçi tərəfindən birbaşa və ya səlahiyyətli nümayəndə tərəfindən təqdim olunmalıdır.

Ərizəyə baxılması

Ərizəyə daxil olduğu gündən 10 (on) iş günü müddətində baxılır;

1. Sənədlərdə və ya məlumatlarda çatışmazlıq və ya uyğunsuzluq olduqda:

  • ərizənin qəbul edildiyi gündən etibarən 3 (üç) iş günü müddətində bu barədə ərizəçiyə yazılı məlumat verilir;
  • ərizəçi həmin məlumatı aldığı gündən 10 (on) iş günü müddətində çatışmazlıq və ya uyğunsuzluqları aradan qaldırmalıdır. Bu zaman ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır. Çatışmazlıq və ya uyğunsuzluqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur;
  • ərizəçi sənədlərdə və ya məlumatlarda aşkar olunmuş çatışmazlıq və ya uyğunsuzluqları vaxtında aradan qaldırmadıqda ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edilir və 3 (üç) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada ərizəçiyə göndərilir. 


Qeyd: çatışmazlıq və uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra ərizəçinin yenidən müraciət etmək hüququ vardır.


2. Çatışmazlıq və ya uyğunsuzluq olmadıqda:


Təsdiqedici sənədin verilməsi

  • nəqliyyat vasitəsi akt əsasında təhvil alındıqdan sonra 2 (iki) iş günü müddətində utilizator nəqliyyat vasitəsini utilizasiyaya verən şəxsə təsdiqedici sənəd verir.


DİQQƏT:

Utilizasiyaya verilən hər nəqliyyat vasitəsinə görə yalnız bir təsdiqedici sənəd verilə bilər.

Akt və təsdiqedici sənəd üzərində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş xüsusi seriya həkk edilmiş ciddi hesabat blankıdır.