“Təmiz Şəhər” ASC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ekoloji sahədə əməkdaşlıq edəcək

17/02/2020 22:50

17 fevral 2020-ci il tarixində Təmiz Şəhər” ASC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC arasında əməkdaşlığa dair müqavilə imzalanıb.  Razılaşmaya əsasən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında toplanılan çeşidlənmiş tullantılar (Əsasən üzvi, yəni mətbəxdə yaranan və qeyri-üzvi tullantılar, o cümlədən işlənmiş mühərrik, hidravlik, habelə duru yağlar, istifadəyə yararsız avadanlıqlar, təkrar emala yararlı digər tullantılar) “Təmiz Şəhər” ASC-yə təhvil veriləcək.

Müqavilənin imzalanma mərasimində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov bildirib ki, təşkilat Avropa İttifaqının ekspertləri ilə birgə iqlim dəyişikliyi, biomüxtəlifliyin və ekosistemin qorunması, enerji istehlakı kimi qlobal təsirlərin yaranmasının qarşısını almaq üçün 2 ildir ki, “yaşıl liman” strategiyasını inkişaf etdirir. Bu gün imzalanmış müqavilə ətraf mühitin mühafizəsi istiqamətində görülən işlərin daha da intensivləşdirilməsinə yardımçı olacaq: “Xəzər hövzəsində ilk “Ekoloji Liman” statusu almış Bakı Limanı ilə “Təmiz Şəhər” ASC arasında qurulmuş əməkdaşlıq tullantıların azaldılması və yenidən emal edilməsi sahəsində beynəlxalq standartlara və qabaqcıl təcrübəyə uyğun aparılacaq”.

“Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov bildirib ki, müqavilə hər iki qurum arasında ekoloji məsələlər üzrə təcrübə və imkanlardan qarşılıqlı faydalanmaq baxımından əhəmiyyətlidir. Qeyd edilib ki, tullantıların qəbulu, yerləşdirilməsi və zərərsizləşdirilməsi ilə məşğul olan “Təmiz Şəhər” ASC bu sahədə həyata keçirilən bütün effektiv layihələrə daim dəstək verməyə hazırdır. Diqqətə çatdırılıb ki, müqaviləyə əsasən, tullantıların düzgün idarəolunması ilə əlaqədar təlimlər keçiriləcək, çeşidlənmiş tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda, təkrar emala yararlı tullantılar isə Balaxanı Sənaye Parkında qəbul olunacaq.

Eyni zamanda, əməkdaşlığa əsasən Liman tərəfindən həyata keçirilən korporativ sosial məsuliyyət proqramı çərçivəsində “Təmiz Şəhər” ASC-nin nümayəndələri tərəfindən Ələt qəsəbəsində yerləşən məktəblərin şagirdləri üçün müxtəlif mövzularda ustad dərslərinin (master-klassların) və mühazirələrin, həmçinin məlumat saatının təşkili, tullantıların düzgün idarə olunması və çeşidlənməsi vərdişlərinin formalaşmasına xidmət edən cizgi filmlərinin nümayişi və s. maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 16 oktyabr 2019-cu il tarixində Norveçin Oslo şəhərində “Yaşıl Liman” konfransında baş tutan mükafatlandırma mərasimində Bakı Limanı Avropa Dəniz Limanları Təşkilatının “Ekoloji Liman ” sertifikatına layiq görülüb.