“Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə II ATMA-YARAT-SAT sərgi-yaramarkası keçirilib
21/05/2022 22:13
Yaradıcı insanların toxunuşu ilə lazımsız hesab edilən əşyaların gözəl sənət əsərlərinə çevrilməsi zövq oxşamaqla yanaşı, ətraf mühitə atılan tullantıların həcminin azalmasına səbəb olur. Bu prosesə dəstək vermək məqsədi ilə ATMA-YARAT-SAT adlı sosial layihə keçirilib. Layihə əsasən Vətən müharibəsində iştirak edərək sağlamlığını itirən və digər kateqoriyadan əlilliyi olan yaradıcı insanları əhatə edib.
“Təmiz Şəhər” ASC nin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərxalça”ASC, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə baş tutan növbəti ATMA-YARAT-SAT sosial layihəsi əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası və onların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.
“İçərişəhər” Tarix-Memarlıq Qoruğu ərazisində keçirilən layihə çərçivəsində 30-a qədər əlilliyi olan yaradıcı şəxsin 1000-ə qədər əl işi nümayiş olunub. Bir sıra dövlət qurumlarının və təşkilatların dəstək verdiyi ATMA-YARAT-SAT layihəsinin ənənəvi olaraq davam etdirilməsi nəzərdə tutulur.



























