“Bizimlə böyüyən ağac” layihəsinin təqdimatı olub

04/05/2023 23:19

Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə onun adını daşıyan Müasir Təhsil Kompleksində “Bizimlə böyüyən ağac” layihəsinin təqdimat mərasimi keçirilib. Ulu öndər Heydər Əliyevin irsinin gənc nəslə aşılanmasına və ətraf mühitin mühafizəsinə xidmət edən layihə “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin və “Yaşıl Azərbaycan” platformasının dəstəyi ilə həyata keçirilir. Məktəblilərin cəlb olunacağı layihə çərçivəsində hər bir sinifə ağac tingləri paylanacaq və təşkilatçıların iştirakı ilə təhsil müəssisələrinin həyətyanı sahəsində əkiləcək ağaclara qulluq şagirdlərə həvalə olunacaq.

Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova layihənin bu məktəbdən başlanmasının heç də təsadüfi olmadığını bildirərək təhsil müəssisəsinin Ulu öndərin adını daşıdığını və açılışında şəxsən iştirak etdiyini xatırladıb. Görkəmli dövlət xadimi Heydər Əliyevin yaşıllıq zolaqlarının artırılmasına və mühafiizəsinə böyük önəm verdiyini bir daha şagirdlərin diqqətinə çatdırıb. Bu layihənin şagirdlər tərəfindən böyük maraqla qarşılandığını, əkilən ağaclara diqqət və qayğı ilə yanaşacaqlarını bildirib.

Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində başlayan layihənin “Heydər Əliyev ili” çərçivəsində davam etdiriləcəyini bildirən “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov Elm və Təhsil Nazirliyinin dəstəyi ilə gələcəkdə daha çox məktəbin bu layihəyə qoşulacağına inandığını bildirib. Ağac əkməklə işin bitmədiyini, ona qulluq etməyin vacibliyini qeyd edən Etibar Abbasov məktəblilərin birgə fəaliyyətinin uğurlu nəticə verəcəyini vurğulayıb. O da əlavə edilib ki, “Təmiz Şəhər” ASC-nin fəaliyyəti işğaldan azad olunan əraziləri əhatə etdiyi üçün qarşıdakı dövrdə yeni tikilən məktəblərin həyətyanı sahələrində bu layihənin davam etdirilməsi nəzərdə tutulur.

“Yaşıl Azərbaycan” platformasının rəhbəri Elnur İslamov bu tipli fəaliyyətlərin ölkəmizin ekoloji mühitinin yaxşılaşmasına və şagirdlərin təbiətə sevgi ilə yanaşmasına xidmət etdiyini dilə gətirib.

Tədbirin sonunda Müasir Təhsil Kompleksinin həyətində şagirdlərin iştirakı ilə Bakı şəhərinin təbii şəraitinə uyğun ağaclar əkilib və hər bir ağaca qulluq müəyyən edilmiş siniflərə həvalə olunub.