Azərbaycan Universitetinin tələbələri üçün məlumat turu təşkil olunub
30/10/2024 11:16
Azərbaycan Universitetinin tələbələri üçün “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub. Tur ərzində tələbələrə müəssisənin fəaliyyəti, Bakı şəhərində bərk məişət tullantılarının idarə edilməsi və təkrar emal prosesi ilə bağlı ətraflı məlumat verilib.
Tələbələr məlumat turu çərçivəsində Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu, Balaxanı Sənaye Parkının istehsal sahələri ilə tanış olublar. İştirakçıların nəzərinə çatdırılıb ki, Balaxanı Sənaye Parkında təkrar emal sahəsində fəaliyyət göstərən 27 rezident üçün əlverişli şərait yaradılıb və onlar müxtəlif istiqamətlərdə təkrar emal vasitəsilə yeni məhsullar istehsal edirlər. Tələbələrə Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti haqqında da məlumat verilib. Bildirib ki, zavodda tullantıların yandırılması prosesi nəticəsində il ərzində 200 milyon kilovat saata qədər elektrik enerjisi hasil edilir. İl ərzində burada əldə edilən enerji ilə 100 min ev təsərrüfatını elektrik enerjisi ilə tam təmin etmək mümkündür.