Məktəblilər üçün təsərrüfat sahələrinə məlumat turu təşkil olunub

08/04/2025 15:49

Tofiq İsmayılov adına 6 №-li məktəb-liseyin şagirdləri “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrində bərk məişət tullantılarının idarə olunması prosesi ilə tanış olublar. 

Məktəbin İngilis bölməsində təhsil alan şagirdlər üçün təşkil edilən məlumat turu çərçivəsində şagirdlər ilk olaraq Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda olublar. Burada onlara tullantıların çeşidlənməsi və təkrar emala yönləndirilməsi prosesini izləyiblər. 

Tur ərzində şagirdlər yalnız nəzəri biliklər deyil, həm də tullantıların düzgün idarə olunmasının ətraf mühitə təsiri barədə praktik məlumatlar əldə ediblər. Ekskursiyanın növbəti mərhələsində iştirakçılar Balaxanı Sənaye Parkında təkrar emalla məşğul olan müəssisələrin fəaliyyəti ilə tanış olublar. Burada onlara tullantıların təkrar emalı və yenidən insanların istifadəsinə qaytarılmasına xidmət edən müasir yanaşmalar haqqında ətraflı məlumat verilib.

Tullantıların düzgün idarə edilməsi mövzusuna göstərdikləri maraq və fəallığa görə məktəblilərə təşəkkür edilib, onları maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.