BDU tələbələri "Təmiz Şəhər" ASC-də olublar

14/04/2025 16:31

Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tələbələr üçün “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub. Əvvəlcə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda tullantıların çeşidlənməsi prosesini izləyən tələbələr daha sonra Bakı bərk məişət tullantılarının yandırılması zavodunda tullantıların zərərsizləşdirilməsi prosesi ilə tanış olublar.
Daha sonra tələbələr Balaxanı Sənaye Parkında təkrar emal prosesini əyani şəkildə müşahidə ediblər. Onlar parkda fəaliyyət göstərən rezidentlərin istehsal sahələrində emal prosesini izləyiblər. Tur zamanı qonaqlara bərk məişət tullantılarının çeşidlənməsi və təkrar emal olunmasının qazandırdığı üstünlüklər haqqında geniş məlumat verilib, onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.