UFAZ tələbələri “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrində olublar
30/05/2025 15:49
Azərbaycan-Fransız Universitetinin tələbələri "Təmiz Şəhər" ASC-nin təsərrüfat sahələrinə infotur çərçivəsində səfər etdilər. Səfərin məqsədi tələbələrin bərk məişət tullantılarının idarə olunması və təkrar emal prosesi barədə biliklərini artırmaq idi.
UFAZ-ın “Ekologiya” və “Dayanıqlı Gələcək” klublarının təşəbbüsü ilə həyata keçirilən səfər çərçivəsində tələbələr əvvəlcə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda tullantıların çeşidlənməsi prosesini izlədilər. Burada onlar tullantıların çeşidlənməsinin üstünlükləri ilə bağlı ətraflı məlumat aldılar və tullantılar arasından tapılan dəyərli əşyaların nümayiş edildiyi guşə ilə tanış oldular.
Daha sonra tələbələr Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna yollanaraq tullantıların yandırılması prosesini müşahidə etdilər. İl ərzində 500 min ton tullantının yandırılması nəticəsində 200 milyon kvt/saata qədər elektrik enerjisinin istehsal olunduğu zavodun fəlaiyyəti ilə bağlı tur iştirakçılarına geniş məlumat verildi.
Ardınca tələbələr Balaxanı Sənaye Parkına baş çəkərək burada təkrar emal prosesini müşahidə etdilər. Bildirildi ki, Sənaye Parkında hazırda 27 rezident fəaliyyət göstərir və tullantılardan müxtəlif növ yeni məhsullar əldə olunur. Tələbələr kağız, plastik tullantıların, işlənmiş mühərrik yağlarının və digər tullantıların təkrar emalı prosesi ilə bağlı ətraflı məlumat aldılar.
Bildirildi ki, Balaxanı Sənaye Parkında istehsal edilən məhsullar yalnız yerli bazarda deyil, eyni zamanda xarici ölkələrə də ixrac olunur. “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təşkil olunan məlumat turu tələbələrə tullantıların düzgün idarə olunmasının əhəmiyyəti və bu sahədə tətbiq olunan innovativ yanaşmalarla tanış olmaq imkanı yaratdı.







