“III Yaşıl düşüncə” proqramı çərçivəsində gənclər “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə səfər ediblər

20/11/2026 11:43

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi “III Yaşıl düşüncə” maarifləndirmə proqramı çərçivəsində gənclər üçün növbəti maarifləndirici görüş “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrində təşkil olunub. Görüş zamanı “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Orxan Cabbarov və mütəxəssisi Arif Kərimov iştirakçılara Bakı şəhərində tullantıların düzgün idarə olunması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər. Proqram çərçivəsində gənclər Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu, Balaxanı Sənaye Parkı və Tullantıların Yandırılması Zavodu ilə tanış olublar. Onlara tullantıların idarə olunması, çeşidlənməsi, təkrar emalı və zərərsizləşdirilməsi prosesləri, eləcə də bu sahədə tətbiq olunan müasir texnologiyalar barədə məlumat verilib. İştirakçılar, həmçinin tullantıların müxtəlif növlərinin nümayiş olunduğu muzeyi ziyarət ediblər. Səfər çərçivəsində gəncləri maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, səfərin əsas məqsədi gənclərin tullantıların idarə olunması sahəsində biliklərini artırmaq, onları bu istiqamətdə tətbiq olunan müasir texnologiyalar və ekoloji həllərlə tanış etmək, həmçinin ekoloji məsuliyyət və ətraf mühitin mühafizəsi sahəsində maarifləndirməkdir.