Abşeron regionundakı mövcud ekoloji problemlərin planlı surətdə həll edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 sentyabr 2006-cı il tarixində "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" təsdiq olunmuşdur. Bakı və Abşeron yarımadasının ekoloji durumunun sağlamlaşdırılmasına xidmət edən Tədbirlər Planınında tullantıların düzgün idarə edilməsi daxil olmaqla ətraf mühitin mövcud vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş bütün əsas fəaliyyət istiqamətləri öz əksini tapmışdır. Bu prosesin davamı olaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 2008-ci il 6 avqust tarixli Sərəncamı ilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti təsis edilmişdir. 

12 mart 2009-cu ildə dövlət qeydiyyatına alınan "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun quraraq ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində fəaliyyətə başlamışdır. Əldə etdiyi müsbət nəticələr və göstərdiyi uğurlu fəaliyyət zamanla onun fəaliyyət dairəsinin genişlənməsi ilə nəticələnmişdir.

Ölkə başçısının 22 iyun 2021-ci il tarixli Sərəncamı ilə Şuşa şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi, həmçinin Bakı şəhərinin Qala qəsəbəsinin ərazisində əmələ gələn belə tullantıların yığılması və daşınması “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir. 

Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş və yeni təkibdə müşahidə şurası təsdiqlənmişdir.

Ölkə başçısı tərəfindən imzalanmış 2 iyul 2022-ci il tarixli Fərmanla "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikasında bərk məişət tullantılarının yeni idarəetmə mexanizmi yaradılanadək, işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi, habelə digər təhlükəsiz bərk tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi, o cümlədən Tərtər rayonunda bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi tapşırılmışdır.

Qeyd olunanlardan əlavə, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin müvafiq olaraq 28 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Balaxanı Sənaye Parkının idarəedici təşkilatı, 27 iyul 2023-cü il tarixli Fərmanı ilə nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator təyin edilmişdir.