Nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini təsdiqedici sənəd verməklə həyata keçirmək istəyən şəxslər utilizator statusunu qazanmaq üçün operator (“Təmiz Şəhər” ASC) tərəfindən aparılan reyestrdə qeydiyyata alınmalıdırlar. 


Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:

  • operatora ünvanlanmış ərizə və ona əlavə edilən aşağıdakı sənədlər:
  • hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın, hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyat şəhadətnaməsinin surəti;
  • səlahiyyətli nümayəndənin (təmsilçinin) səlahiyyətini və şəxsiyyətini təsdiq edən sənədlərin surəti;
  • “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və müsbət dövlət ekoloji ekspertiza rəyi;
  • texniki-iqtisadi əsaslandırma sənədi;
  • ərizəçinin aşağıdakı tələblərə cavab verməsini təsdiq edən sənədlərin surətləri:
  • vergi, məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə borcu olmamaq;
  • nəqliyyat vasitələrinin qəbulunu, saxlanılmasını və utilizasiyasını həyata keçirmək üçün mülkiyyətində, yaxud sahibliyində və ya istifadəsində müvafiq ərazilərə malik olmaq;
  • nəqliyyat vasitələrinin, o cümlədən utilizasiya nəticəsində əldə edilən materialların və hissələrin saxlanılması üçün onların zədələnməməsini təmin edən, üzəri dağılmayan və texniki mayeləri sızdırmayan material ilə örtülən (asfalt, beton, gil-beton, polimer beton) sahələrə malik olmaq;
  • təhlükəli tullantıların saxlanılması üçün normativ hüquqi aktlarla nəzərdə tutulan tələblərə cavab verən sahələrə malik olmaq;
  • nəqliyyat vasitələrinin, onların hissələrinin (partlayıcı qabiliyyətli, o cümlədən təhlükəli tullantılara xas olan digər xüsusiyyətlərə malik hissələrin) təhlükəsiz qaydada sökülməsi üçün maddi-texniki bazaya malik olmaq;
  • nəqliyyat vasitələrinin təkrar istifadəyə yararlı hissələrinin yoxlanılması üçün maddi-texniki bazaya malik olmaq.


Reyestrdə qeydiyyatda alındıqdan sonra utilizator öz fəaliyyətində aşağıdakı vəzifələrə əməl etməlidir:

  • utilizasiya prosesində ətraf mühitə zərərli maddələrin atılmasının qarşısının alınması üçün zəruri tədbirlər görmək;
  • “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda tullantıların utilizasiyası sahəsində lisenziya və ya icazə tələb olunan müvafiq fəaliyyət növlərini və ya hərəkətləri müvafiq lisenziya və ya icazə alındıqdan sonra həyata keçirmək;
  • yanacaq çənini, partlayıcı xüsusiyyətə malik detalları (xüsusilə hava yastıqlarını), o cümlədən təhlükəli tullantılara xas olan digər xüsusiyyətlərə malik hissələri təhlükəsiz qaydada sökmək;
  • yanacaq, mühərrik və transmissiya yağı, hidravlik ötürücü sistemlərin mayeləri, soyuducu və əyləc mayeləri, kondisioner sistemindəki mayelər və digərləri daxil olmaqla mayeləri ayrı-ayrı hermetik qablara boşaltmaq;
  • təhlükəli tullantıları çeşidləyərək ayrı toplamaq və onlarla bağlı "Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun tədbirləri həyata keçirmək;
  • toplanmış tullantıları onların təkrar emalını və ya zərərsizləşdirilməsini həyata keçirən ixtisaslaşmış şəxslərə satmaq və ya təhvil vermək;
  • birbaşa utilizasiya proseslərinə yalnız peşə hazırlığına malik olan işçi heyətini cəlb etmək;
  • birbaşa utilizasiya proseslərinə cəlb edilən işçi heyətinin əməyin mühafizəsi üzrə təlimatlandırılmasını və biliklərinin yoxlanılmasını təmin etmək.


Qeyd:

Yuxarıda göstərilən vəzifələrin və tələblərin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.