Nəqliyyat vasitələrinin utilizasiyası

Yararsız vəziyyətə düşmüş və istismar müddəti başa çatmış nəqliyyat vasitələrinin tullantıya çevrilərək ətraf mühiti çirkləndirməsi hazırda bütün dünyada ciddi problemlərdəndir. Əksər ölkələr bu cür nəqliyyat vasitələrinin zərərsizləşdirilməsi istiqamətində müxtəlif proqramlar tətbiq edir. Vəziyyətdən səmərəli çıxış yollarından biri də həmin nəqliyyat vasitələrinin utilizasiyasıdır.

Nəqliyyat vasitələrinin utilizasiyası proqramlarının dövlət səviyyəsində həyata keçirilməsi ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bunu zəruri edən əsas səbəb köhnəlmiş və yararsız nəqliyyat vasitələrinin havanın, o cümlədən torpağın və su mənbələrinin çirklənməsində payının artması, onların zəruri ekoloji tələblərə əməl edilmədən pərakəndə utilizasiyası zamanı ətraf mühitə dəyən ziyan, o cümlədən utilizasiya proseslərinin lazımi səviyyədə reallaşdırılmamasıdır.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, paytaxt Bakıda atmosferə atılan zəhərli qazların 75 faizi məhz nəqliyyat vasitələrinin payına düşür. Tədqiqatlar göstərir ki, ölkəmizdə nəqliyyat vasitələrindən atmosferə atılan təkcə karbon oksidlərinin miqdarı il ərzində 700 min tona yaxındır. Bu isə nəqliyyat vasitələrinin ekoloji normalara cavab verməsinin ciddi nəzarətdə saxlanmasını tələb edir.

Köhnəlmiş nəqliyyat vasitələri hərəkət zamanı təhlükəsizlik baxımından da risklər yaradır. Belə nəqliyyat vasitələrinin əyləc yolu uzun olmaqla yol-nəqliyyat hadisələrinin, o cümlədən bədbəxt hadisələrin sayının artmasına səbəb olur. Qeyd olunanları nəzərə alaraq, onların utilizasiyasının dövlət səviyyəsində idarə edilməsi artıq müasir dövrün tələbidir.

Dövlət proqramı

Hər il ölkəmizdə istismar olunan çox sayda nəqliyyat vasitəsi də köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində yararsız hala düşür. Statistikaya əsasən, hazırda ölkəmizdə hər beş avtomobildən biri ekoloji-normativ tələblərə, o cümlədən təhlükəsizlik normalarına cavab vermir və istismara yararsız vəziyyətdədir. Narahatedici məqam isə odur ki, bu göstərici ildən-ilə artmaqdadır. Həmçinin, hər il orta hesabla 1600-dən çox yol-nəqliyyat hadisəsi baş verir ki, bu da nəticədə yararsız nəqliyyat vasitələrinin sayının artmasına təsir göstərir. 2023-cü ilin statistik məlumatlarına əsasən ölkəmizin nəqliyyat parkının yalnız 15%-ə qədərini istehsal-buraxılış ili 10 ilədək olan nəqliyyat vasitələri təşkil edir. Bu statistikanın özü də zəruri edir ki, nəqliyyat parkının yenilənməsi üçün müəyyən tədbirlər həyata keçirilsin.

Bütün bu məqamları nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda nəqliyyat vasitələrinin utilizasiyası proqramının hazırlanması və tətbiqi də nəzərdə tutulmuşdur. Dövlət Proqramının Tədbirlər Planının 7.3.7.1-ci bəndinə əsasən, proqramın tətbiqində üç əsas istiqamət müəyyən edilmişdir:

  • Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək;
  • ekoloji vəziyyəti yaxşılaşdırmaq;
  • yerli avtomobil istehsalını stimullaşdırmaq.


Proqramın hazırlanmasında 15-ə qədər dövlət orqan və qurumu, o cümlədən aidiyyəti mütəxəssis və ekspertlər iştirak etmiş, bir sıra dünya ölkələrinin təcrübələri araşdırılmışdır. Həmçinin, proqramın tətbiqi ilə əlaqədar mövcud qanunvericiliyə yeni müddəalar əlavə edilmiş, ümumilikdə 10-dan çox qanunvericlik aktına dəyişiklik və əlavələr edilmişdir.

Proqramın əsas məqsədi və predmeti

Proqramın əsas məqsədi köhnəlmiş, texniki-təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etməkdir. Bu baxımdan, onun əsas predmeti də öz ilkin istifadə xüsusiyyətlərini itirmiş, mənəvi və fiziki cəhətdən köhnəlmiş, o cümlədən yol hərəkətində istifadəyə yararsız olmaqla tullantı kimi xarakterizə olunan nəqliyyat vasitələridir. Bunu nəzərə alaraq, əsas aidiyyəti normativ-tənzimləyici müddəalar öz əksini “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununda tapmışdır. Bununla belə, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında həyata keçirildiyindən, tullantı xüsusiyyətlərinə uyğun gəlməyən, tam və ya qismən yararlı nəqliyyat vasitələri də onların sahibləri tərəfindən öz istəkləri əsasında utilizasiyaya verilə bilər.

Proqram ətraf mühitin idarə olunmasında beynəlxalq ekoloji prinsiplərdən olan və ölkə qanunvericiliyinin bir sıra aidiyyəti aktlarında da artıq öz əksini tapan “Polluter pays” (“Çirkləndirən ödəyir”) prinsipini rəhbər tutur. Bununla yanaşı, proqram birdəfəlik ödəniş və yerli istehsal olunmuş yeni nəqliyyat vasitələrinin satın alınmasında güzəşt kimi stimullaşdırıcı tədbirlərin tətbiqini də özündə ehtiva edir.

Proqramın tətbiqindən gözlənilən nəticələr

  • yararsız nəqliyyat vasitələrinin ekoloji tələblərə uyğun şəkildə utilizasiyası;
  • ekoloji vəziyyətin yaxşılaşması;
  • mövcud nəqliyyat parkının yenilənməsi;
  • yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artması;
  • müvafiq sahədəki kölgə iqtisadiyyatının aradan qalxması;
  • yeni iş yerlərinin yaranması;
  • sahibkarlar üçün yararlı xammal imkanlarının yaranması.

Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı müraciətlərin ilkin qəbulu nvu.gov.az.az portalı vasitəsilə həyata keçirilir.