“Sabah” Futbol Akademiyasının U-17 komandası üçün ekoloji maarifləndirmə təlimi keçirilib
30/10/2026 17:06
“Sabah” Futbol Akademiyasının U-17 komandası üçün ətraf mühitin mühafizəsi və ekoloji məsuliyyət mövzusunda maarifləndirici tədbir təşkil olunub. “Vətən” İdman Akademiyasında keçirilən görüşdə gənc futbolçulara tullantıların idarə olunması, çeşidlənməsi, təkrar emal və ətraf mühitin qorunmasının əhəmiyyəti barədə məlumat verib. Təlim zamanı 4R-imtina et (Refuse), azalt (Reduce), təkrar istifadə et (Reuse) və təkrar emal et (Recycle) prinsipləri izah olunub, gündəlik həyatda bu yanaşmaların tətbiqinin ətraf mühitin qorunmasına verdiyi töhfələrdən danışılıb. Görüşdə futbolun yalnız idman yarışı və fiziki hazırlıq vasitəsi olmadığı, eyni zamanda, ekoloji dəyərlərin təbliği və cəmiyyətin maarifləndirilməsi üçün mühüm platforma rolunu oynadığı vurğulanıb. Qeyd edilib ki, futbolun geniş auditoriyanı əhatə etməsi, xüsusilə də gənclər arasında böyük maraq doğurması ekoloji mesajların daha geniş ictimaiyyətə çatdırılması üçün əlverişli imkan yaradır. Bildirilib ki, idmançılar meydanda nümayiş etdirdikləri intizam, komanda ruhu və məsuliyyətli davranışla yanaşı, gündəlik həyatlarında da ətraf mühitə həssas münasibət göstərməklə cəmiyyətə nümunə ola bilərlər. İdman meydançalarında, məşq və yarışlar zamanı tullantıların düzgün idarə olunması, plastikdən istifadənin azaldılması, su və enerji resurslarına qənaət kimi sadə davranışlar ekoloji məsuliyyətin formalaşmasına xidmət edir.Xüsusilə gənc futbolçuların ekoloji bilik və vərdişlərə yiyələnməsinin vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, bu gün idmanla məşğul olan gənclər sabah həm öz komandalarında, həm də cəmiyyətdə ekoloji məsuliyyətin təşviqində fəal rol oynaya bilərlər. Təlim interaktiv müzakirə şəraitində davam edib, futbolçuları maraqlandıran suallar cavablandırılıb.



