Hər il insanlar tərəfindən təbiətə böyük həcmdə tullantı atılır. Bu tullantıların içərisində olan plastik qablar, polietilen paketlər, batareyalar təbiət üçün olduqca təhlükəli hesab edilir. Həmin tullantılar nəinki bu günümüzü, eləcə də, 100, 300 il sonrakı dövr üçün ciddi problem yaradır. Hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da tullantıların düzgün idarə edilməsi ilə bağlı əhəmiyyətli layihələr reallaşdırılır və yeni yanaşmalar tətbiq edilir.

2015-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Təmiz Şəhər” ASC tərəfindən "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində “Tullantıdan Sənətə” muzeyinin yaradılması buna ən yaxşı misaldır.

Muzey eksponatlarının əsas hissəsini 2012-ci ildən etibarən ölkəmizdə keçirilən Beynəlxalq “Tullantıdan Sənətə” sərgisi çərçivəsində yaradılan əsərlər təşkil edir.

Bu muzeydə hazırda tullantıdan istifadə edilərək yaradılan 180-ə qədər müxtəlif sənət əsəri nümayiş olunur. Onlar plastik su qabları, polietilen paket, uşaq arabası, oyuncaqlar, maşın hissələri, siqaret kötükləri, tennis topu və insanların lazımsız hesab etdiyi müxtəlif tullantılardan hazırlanıb. Muzeyi gəzdikcə dəmir parçalarından yaradılan "Simurq" quşunu, taxta tullantılardan əmələ gələn atları, plastik qaşıq, çəngəl, bıçaqlardan yaranan balıq obrazını görmək mümkündür.

Muzey yerli sənətkarlarla yanaşı, dünyanın 46-dan çox ölkəsindən olan sənətkarların əsərlərini özündə birləşdirməsi ilə diqqəti cəlb edir.