"Bərk məişət tullantılarının idarə edilməsində müasir yanaşmalar" mövzusunda maarifləndirici təlim keçirilib
24/11/2025 16:17
“BDU könüllüləri”nin təşkilatçılığı ilə ”Təmiz Şəhər” ASC-nin şöbə müdiri Orxan Cabbarov tərəfindən "Bərk məişət tullantılarının idarə edilməsində müasir yanaşmalar" mövzusunda maarifləndirici təlim keçirilib. Təlimdə “yaşıl düşüncə”nin formalaşdırılması, ekoloji məsuliyyətin artırılması, tullantıların düzgün idarə edilməsi və təkrar emalla bağlı tələbələrə ətraflı məlumat verilib.
Təlim çərçivəsində “Təmiz Şəhər” ASC-nin təşəbbüsü və bir sıra tərəfdaşların dəstəyi ilə həyata keçirilən “Card to Art” layihəsinə Bakı Dövlət Universitetinin də qoşulduğu elan edilib. Plastik kartların toplanması üçün nəzərdə tutulan xüsusi qutular Universitetinin tədris binalarına yerləşdirilib.
Qeyd edək ki, tullantıların azaldılmasına yönələn “Card to Art” sosial-ekoloji layihəsi çərçivəsində toplanacaq plastik kartlar yaradıcı şəxslərə yönləndiriləcək və onların toxunuşu ilə müxtəlif sənət əsərlərinə çevriləcək. Hazırlanmış incəsənət nümunələri Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Tullantıdan Sənətə” muzeyində təşkil ediləcək “Card to Art” sərgisində ziyarətçilərə təqdim olunacaq.










