“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın bir illiyinə həsr olunmuş Konfrans keçirilmişdir

13/03/2010 11:00

Martın 12-də Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş Konfrans keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Konfransda dövlət və hökumət rəsmiləri, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri və iş adamları da iştirak etmişlər.

Dövlət başçısı əvvəlcə Dənizkənarı Milli Parkda inşa olunmuş Bakı Biznes Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsmişdir. Sonra “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin yekunlarına həsr olunmuş Konfrans öz işinə başlamışdır.Bakı Biznes Mərkəzinin sərgi salonunda 200-dək yerli şirkətin istehsal etdiyi müxtəlif növ məhsulların sərgisi təşkil olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərgi ilə tanış olmuşdur. Dövlət başçısına iqtisadi rayonlarda fəaliyyət göstərən müəssisələr və istehsal olunan məhsullar barədə məlumat verilmişdir. Konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dövlət Proqramının əhəmiyyətindən danışmış, Proqram çərçivəsində 2009-cu ildə görülmüş işləri müsbət qiymətləndirmişdir. Dövlət başçısı regionların sosial-iqtisadi inkişafının qarşıdakı illərdə də davam etdiriləcəyini bildirmişdir.

İqtisadi İnkişaf naziri Şahin Mustafayev, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və sahibkarlar çıxış edərək Dövlət Proqramı çərçivəsində görülmüş işlər və əldə olunmuş uğurlar barədə Azərbaycan Respublikasının Prezidentinə və Konfrans iştirakçılarına məlumat vermişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yekun nitqi ilə çıxış etmiş, ölkəmizin hərtərəfli inkişafına, insanların firavan yaşamasına yönəlmiş siyasətin bundan sonra da davam etdiriləcəyini qeyd etmiş, bu siyasətin uğurla həyata keçirilməsi üçün konkret tapşırıqlar vermişdir