“Təmiz Şəhər” ASC-nin nümayəndəsi İsveçdə “Impact Pioneers 26 EUROPE” proqramında iştirak edib
06/10/2026 12:16
İsveç İnstitutunun təşkilatçılığı ilə həyata keçirilən “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb. Sentyabrın 27-dən oktyabrın 3-dək Stokholmda keçirilən proqram “Dayanıqlı gələcək üçün sahibkarlıq və innovasiya” mövzusuna həsr olunub. Proqram 10 ölkədən 50-yə yaxın ekosistem liderini, dövlət və özəl sektor mütəxəssislərini, innovasiya və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirib. Proqram çərçivəsində bərpa olunan enerji, şəhər infrastrukturu, tullantıların idarə olunması, dövri iqtisadiyyat və yaşıl innovasiyalar üzrə təcrübə mübadiləsi aparılıb. İştirakçılar Stokholmun innovasiya mərkəzləri və dayanıqlı şəhər inkişafı layihələri ilə tanış olub, enerji, su və tullantıların idarə olunması sahəsində tətbiq edilən innovativ həlləri öyrəniblər. Səfər çərçivəsində Azərbaycanı təmsil edən iştirakçılar ölkəmizin İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanovla da görüşüblər. Görüşdə Azərbaycanda yaşıl keçid və innovasiya sahəsində həyata keçirilən təşəbbüslər, İsveç təcrübəsindən istifadə imkanları və iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb Proqramda Azərbaycan yeddi nümayəndə ilə təmsil olunub. Onların sırasında “Təmiz Şəhər” ASC-nin nümayəndəsi Arif Kərimov da yer alıb. Proqram çərçivəsində əldə olunan təcrübənin tullantıların idarə olunması, dövri iqtisadiyyat və yaşıl innovasiyalar sahəsində yeni təşəbbüslərin həyata keçirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olduğu hesab edilir.




