Növbəti çimərlik mövsümünə ənənəvi təmizlik aksiyası ilə yekun vuruldu

17/09/2023 00:37

Çimərlik mövsümünün bitməsi ilə əlaqədar bu gün sahilyanı ərazilərdə təmizlik aksiyası keçirilib.
İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu, BMT-nin Azərbaycandakı Nümayəndəliyi, Bakı Dövlət Universitetinin “Ekologiya və Torpaqşünaslıq” fakultəsi və “Təmiz Şəhər" ASC-nin birgə təşkil etdiyi aksiyanın məqsədi sahilyanı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq və ətraf mühitin mühafizəsinə diqqət çəkməkdir. 
Həmçinin bu il, ilk dəfə olaraq dalğıcların iştirakı ilə Xəzər dənizinin sahilyanı ərazisi ilə yanaşı sualtı hissəsi də tullantılardan təmizlənib.
"Sahillər təmiz qalsın” şüarı altında keçirilən təmizlik aksiyasında toplanan tullantılar Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.