“Azərbaycan Yaşıl Dünya Naminə” sərgisi keçirilmişdir

18/09/2010 00:00

Sentyabrın 16-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində Ticarət – sənaye palatasının təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə “Azərbaycan yaşıl dünya naminə” şüarı altında beynəlxalq sərgi açılıb. 16 sentybarda təşkil olunan sərgi 18 sentyabra kimi davam etmişdir. “Təmiz Şəhər” ASC də görülən işləri və gələcək planları əks etdirən stendlə bu sərgiyə qatılmışdır.

17 sentyabrda Prezident İlham Əliyev hazırki sərginin ekspozisiyaları ilə ətraflı tanış oldu. Ölkə başçısı ətraf mühitin mühafizəsini və sağlam ekoloji şəraitin yaradılmasını prioritet məsələlərdən biri kimi irəli sürüb. Təsadüfi deyil ki, 2010-cu il Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “Ekologiya ili” elan edilmişdir. “Azərbaycan yaşıl dünya naminə” şüarı altında beynəlxalq sərgi “Ekologiya ili” çərçivəsində həyata keçirilən tədbirlərdən biridir.

Sərginin məqsədi Azərbaycanda və xarici ölkələrdə ətraf mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin, tətbiq edilən texnologiyaların geniş auditoriyaya təqdim edilməsi, bu sərgidə müxtəlif şirkətlərin qazandığı təcrübəni nümayiş etdirməkdir. Sərgidə 30-a yaxın yerli və xarici şirkət, həmçinin ekoloji problemlərin həll edilməsi sahəsində fəaliyyət göstərən hökumət strukturu və QHT-lər iştirak etmişdir.