Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı ictimai dinləmə keçirilib
01/02/2024 17:41
Ekologiya və Təbii Sərvətlər Nazirliyində QHT-lərin, jurnalistlərin, nəqliyyat üzrə ekspertlərin və müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən ictimai dinləmədə nəqliyyat vasitələrinin utilizasiyası proqramı ilə bağlı ətraflı məlumat verilib. Qeyd olunub ki, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 27 iyul tarixli Fərmanı, o cümlədən nəqliyyat vasitələrinin utilizasiyası fondunun yaradılması ilə bağlı ölkə başçısının 27 yanvar 2024-cü il tarixli Sərəncamı imkan verir ki, ölkəmizdə ilk dəfə olaraq, istismar müddəti başa çatan və yararsız vəziyyətə düşən nəqliyyat vasitələrinin utilizasiyası prosesi həyata keçirilsin. Fərmana əsasən, nəqliyyat vasitələrinin utilizasiyası prosesləri ilə bağlı bir sıra funksiyaların icrası operator qismində “Təmiz Şəhər” ASC-yə həvalə edilib.
Bildirilib ki, nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə qaydası, utilizasiya haqqının məbləğin, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği, eləcə də birdəfəlik ödənişin həcmi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları ilə tənzimlənir. Fondla bağlı müddəaların tətbiqinə 1 fevral 2024-cü ildən, utilizasiya prosesləri ilə bağlı müddəaların tətbiqinə isə bu ilin 1 sentyabr tarixindən başlanacaq.
Müxtəlif dövlət qurumlarının nümayəndələrinə ünvanlanan suallara cavab olaraq diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda təxminən hər 20 avtomobildən biri həddindən artıq köhnəldiyindən istismara yararsız hesab edilir. Bu isə həm ekoloji, həm də yol hərəkətinin təhlükəsizliyi baxımından müəyyən problemlər yaradır. Dünya praktikasında vəziyyətdən optimal çıxış yolu olaraq həmin nəqliyyat vasitələri utilizasiya edilir. Həmçinin, bildirilib ki, utilizasiya prosesi insanlar üçün çətinlik yaratmaq yox, əksinə ətraf mühitin mühafizəsinə, avtomobil parkının yenilənməsinə xidmət edir. Müsbət cəhətlərdən biri də odur ki, bu proses könüllülük prinsipi əsasında həyata keçiriləcək. Nəqliyyat vasitəsini operatorun apardığı reyestrdə qayda alınmış utilizatorlara utilizasiya üçüntəqdim edən şəxs təsdiqedici sənəd əldə edəcək. Bu sənəd əsasında o, öz istəyinə uyğun olaraq yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsi almaq üçün güzəşt və ya birdəfəlik ödəniş əldə edə biləcək. Güzəşt məbləğləri və birdəfəlik ödənişlər fonda yığılacaq vəsait hesabına həyata keçiriləcək. Qaydalara görə, yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsi satan satıcının təsdiqedici sənəd əsasında alıcıya tətbiq etdiyi güzəşt məbləği fondun hesabına satıcıya geri ödəniləcək.
Nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini yalnız zəruri tələblərə cavab verən və operator tərəfindən reyestrdə qeydiyyata alınmış utilizatorlar həyata keçirə bilərlər. Utilizasiyaya verilməzdən öncə şərtlərdən biri də odur ki, nəqliyyat vasitəsi dövlət qeydiyyatından çıxarılmalıdır. Utilizasiyaya verilən nəqliyyat vasitəsinə görə güzəştin məbləği nəqliyyat vasitəsinin təsnifatından asılı olaraq 200-3000 manat aralığında dəyişir. Birdəfəlik ödənişin məbləği isə tətbiq olunan müvafiq güzəşt məbləğinin 70% həcmində müəyyən edilir. Proseslər operator tərəfindən elektron proqram təminatı ilə idarə olunacaq.
Bir çox xarici ölkələrlə müqayisədə nəqliyyat vasitələrinin utuilizasiyası ilə bağlı Azərbaycanda tətbiq olunacaq qaydalar çox əlverişli hesab edilə bilər. Etiraf etmək lazımdır ki, bu gün küçələrdə, müəyyən meydançalarda xeyli sayda yararsız vəziyyətə düşən, istismar müddəti başa çatan müxtəlif təyinatlı nəqliyyat vasitələri var və illərdir ki, istifadə olunmadan qalıb. Həmin nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi onların sahiblərinin güzəşt və ya birdəfəlik ödəniş əldə etmələrinə imkan yaradacaq.
Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrinin utilizasiyası bütövlükdə həm ekoloji, həm yol hərəkətinin təhlükəsizlik səviyyəsi nöqteyi-nəzərindən, həm də stimullaşdırıcı tədbirlər baxımından müsbət xarakterə malikdir.
Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği, utilizasiyaya verilən nəqliyyat vasitəsinə görə tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi aşağıdakı cədvəldə qeyd olunub.