Sumqayıt Dövlət Universitetinin müəllim və tələbələri “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrində olublar

22/04/2024 12:07

Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu, Balaxanı Sənaye Parkı və Bakı bərk məişət tullantılarının yandırılması zavodunda olan qonaqlara bərk məişət tullantılarının idarə olunması, eləcə də təkrar emal prosesi haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu 2012-ci ildən fəaliyyət göstərir və ölkədə təkrar emal müəssisələrini xammalla təmin edən bu tipli ən böyük zavoddur. Sonra Bakı bərk məişət tullantılarının yandırılması zavodunda tullantıların yandırılması prosesini izləyən qonaqların nəzərinə çatdırılıb ki, zavod ən müasir ekoloji tələblərə cavab verir və tullantıların yandırılmasından il ərzində 200 milyon kilovat/saat-a qədər elektrik enerjisi əldə edilir. Nəzərdə tutulan proqrama uyğun olaraq Balaxanı Sənaye Parkına gələn tur iştirakçıları tullantıların təkrar emalı prosesini müşahidə ediblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və bərk məişət tullantılarının düzgün idarə edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.