QHT təmsilçiləri üçün “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub
05/06/2024 13:57
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən bir qrup QHT təmsilçiləri üçün “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub. Əvvəlcə qonaqlar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda tullantıların çeşidlənməsi və təkrar emala göndərilməsi prosesini izləyiblər. Bildirilib ki, 2012-ci ildən fəaliyyət göstərən bu zavod böyük həcmdə tullantıların ətraf mühitə atılmasının qarşısını alır. Tur iştirakçılarına məlumat verilib ki, zavodda çeşidlənən tullantılar Cəmiyyətin təsərrüfat sahələrindən biri olan Balaxanı Sənaye Parkında fəaliyyət göstərən, sahibkarların xammala olan tələbatının bir hissəsini ödəyərək ölkədə yaşıl iqtisadiyyatın inkişafına xidmət edir.
Qeyd edilib ki, hazırda Balaxanı Sənaye Parkında tullantıların təkrar emalı ilə məşğul olan 25 rezident qeydiyyatdan keçib və 27 istiqamət üzrə məhsul istehsalı həyata keçirilir. 2017-ci ildən fəaliyyətə başlayan Balaxanı Sənaye Parkına ötən müddət ərzində 53 milyon manatdan çox investisiya qoyulub və 229 milyon manata qədər dəyərdə məhsul satışa çıxarılıb. İstehsal olunan məhsulun 10%-ə qədəri xarici ölkələrə ixrac edilib.
Tur çərçivəsində QHT təmsilçiləri Bakı Bərk Məişət Tullantıların Yandırılması Zavodunda da olublar. Məlumat verilib ki, zavod il ərzində 500 min ton tullantını zərərsizləşdirmək gücündədir və müasir texnologiya əsasında Avropanın ən sərt ekoloji norma və tələbləri çərçivəsində fəaliyyət göstərir. Zavodda tullantıların termik üsulla zərərsizləşdirilməsi nəticəsində il ərzində 200 milyon kilovat/saata qədər elektrik enerjisi əldə olunur. Bu isə təxminən 100 min ev təsərrüfatının elektrik enerjisinə olan tələbatını ödəyir.
Sonda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb və tullantıların düzgün idarə edilməsində ilkin çeşidləmə mərhələsinin vacibliyi qeyd olunub.