COP29 çərçivəsində Azərbaycan milli pavilyonunda “Abşeron göllərinin bərpası: İqlim dayanıqlığı və davamlı su idarəçiliyinə aparan yol” mövzusunda panel müzakirə təşkil olunub
19/11/2024 10:38
Azərbaycan milli pavilyonunda “Abşeron göllərinin bərpası: İqlim dayanıqlığına və davamlı su idarəçiliyinə aparan yol” mövzusunda müzakirələr təşkil olunub. Tədbirdə Asiya İnkişaf Bankının ölkə ofisinin direktoru, ekologiya və təbii sərvətlər nazirinin müavini, “Təmiz Şəhər” ASC-nin və ASC"Witteveen+Bos" şirkətinin nümayəndələri, eləcə də aidiyyəti qurumların təmsilçiləri iştirak ediblər. Panel müzakirədə Abşeron göllərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə görülmüş işlər və gələcək planlar təqdim edilib, göllərin reabilitasiyasının "Dayanıqlı İnkişaf Məqsədləri"nə nail olunması yolunda əhəmiyyəti vurğulanıb. Böyükşor gölünün bərpası layihəsinin 2-ci mərhələsi və Zığ gölünün bərpası layihəsi çərçivəsində nəzərdə tutulan işlər barədə məlumat verilib, göllərin şəhər həyatında oynadığı vacib rol qeyd olunub.
Bakı şəhərinin 2040-cı ilədək Baş Planına uyğun olaraq hazırlanan Abşeron göllərinin bərpası layihələri ekspertlər tərəfindən şəhərin davamlı inkişafının və ekoloji mühitinin təkmilləşdirilməsinin mühüm tərkib hissəsi kimi qiymətləndirilib. Göllərin bərpası, geniş yaşıllıq ərazilərinin yaradılması və su ehtiyatlarının effektiv idarə edilməsi layihələri Bakı şəhərinin iqlim dayanıqlığını artırmaq və ətraf mühitin qorunmasını təmin etmək üçün əsas prioritetlərdən biri olaraq mühüm addım kimi dəyərləndirilib.