Bakı şəhərində bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf strategiyası ilə bağlı seminar keçirilmişdir
20/06/2011 09:45
İyunun 17-də Bakıda İqtisadi İnkişaf Nazirliyinin və Türkiyənin “Ekodenge” şirkətinin təşkilatçılığı ilə “Bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı seminar keçirilmişdir.
Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, “Təmiz Şəhər” ASC-nin, Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi layihəsində iştirak edən şirkətlərin, əlaqədar dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin nümayəndələri iştirak etmişdir.
Seminarda çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq kommunal xidmətlərin yaxşılaşdırılması, o cümlədən bərk məişət tullantılarının idarə edilməsi sisteminin təkmilləşdirilməsi məsələsinə böyük diqqət yetirildiyini bildirmişdir. Qeyd edilmişdir ki, Bakı şəhəri ərazisində bərk məişət tullantılarının idarə edilməsi sisteminin müasirləşdirilməsi məqsədilə Azərbaycan Hökuməti və Dünya Bankı arasında “Abşeronun Ekoloji Bərpası Proqramı” çərçivəsində Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi layihəsi üzrə 2009-cu ildə kredit sazişi imzalanmışdır. Layihənin icraçısı İqtisadi İnkişaf Nazirliyinin nəzdində yaradılmış Layihə İdarəetmə Qrupudur. Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi layihəsinin icrası Bakı şəhəri ərazisində bərk məişət tullantılarının idarə edilməsi sisteminin inkişafında mühüm rol oynayacaqdır.
“Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədr müavini Etibar Abbasov ekoloji tarazlığın qorunmasının ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu və bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirmiş, “Təmiz Şəhər” ASC-nin bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi istiqamətində gördüyü işlər barədə məlumat vermişdir.
Türkiyənin “Ekodenge” şirkətinin direktoru Zeynəb Yöntəm isə Bakı şəhərində bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf strategiyasının hazırlanması barədə seminar iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbir çərçivəsində bərk məişət tullantılarının idarəçiliyi sahəsində mövcud vəziyyət, bu sahədə uzunmüddətli strategiyanın hazırlanması istiqamətində görülmüş işlər, bərk məişət tullantıları ilə bağlı aparılmış tədqiqatlar müzakirə edilmişdir.