ADA İbtidai Məktəbi və “Təmiz Şəhər” ASC şagirdlər üçün “Yay məktəbi” təşkil edib

17/07/2025 11:07

ADA İbtidai Məktəbi və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə keçirilən yay məktəbinin birinci mərhələsinin başa çatması münasibətilə ADA Universitetində tədbir təşkil olunub.
Ətraf mühitin mühafizəsi istiqamətində maarifləndirməyə xidmət edən yay məktəbində şagirdlər tullantıların təbiətə vurduğu ziyan, qida tullantılarının azaldılması, təkrar emal, ekoloji layihələrin idarə olunması, tullantılardan alternativ enerjinin əldə edilməsi və digər bu kimi mövzular üzrə yeni biliklər öyrəniblər.
Müxtəlif təhsil müəssisələrindən olan 30-dan çox iştirakçı yay məktəbində əldə etdikləri bilik və bacarıqların əsasında təqdimatlar hazırlayaraq nümayiş etdiriblər.
İki həftə davam edən təlimlər və ustad dərslərində iştirak etməklə yanaşı məktəblilər Zirə Ekoparkda, Mərkəzi Nəbatət bağında və bir sıra maraqlı məkanlarda səmərəli vaxt keçiriblər. Eyni zamanda, onlar Bakının Qala qəsəbəsində yerləşən “Tullantıdan sənətə” muzeyini ziyarət edərək tullantıların incəsənət nümunələrinə çevrilə biləcəyini əyani şəkildə müşahidə ediblər.
Qeyd edək ki, ADA İbtidai Məktəbi və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə ətraf mühitin mühafizəsi sahəsində şagirdlərin bilik və bacarığını artırmağa xidmət edən Yay düşərgəsindən sonra ADA İbtidai məktəbi tərəfindən milli-mənəvi dəyərlərin təbliği mövzusunda növbəti yay düşərgəsi təşkil olunacaq.