“Yaşıl Top” layihəsi çərçivəsində məktəblilərlə ekoloji maarifləndirmə görüşü keçirilib

24/11/2026 17:24

AFFA-nın təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Təmiz Şəhər” ASC-nin tərəfdaşlığı ilə həyata keçirilən “Yaşıl Top” sosial layihəsi çərçivəsində Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbdə növbəti maarifləndirmə görüşü keçirilib.  Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Təmiz Şəhər” ASC-nin, AFFA-nın nümayəndələri, məktəbin müəllim və şagirdləri, eləcə də layihənin səfiri iştirak ediblər. Görüşün əsas məqsədi şagirdlərdə ekoloji düşüncə və məsuliyyətin formalaşdırılması, ətraf mühitin qorunmasının gündəlik həyat tərzinə çevrilməsinin təşviq edilməsi olub. İnteraktiv formatda keçirilən görüşdə ətraf mühitin mühafizəsi, tullantıların düzgün idarə olunması, dayanıqlı inkişaf və sağlam həyat tərzi mövzularında müzakirələr aparılıb. Şagirdlərə təbiətin qorunmasında hər bir insanın fərdi məsuliyyəti, gündəlik seçimlərin ətraf mühitə təsiri və idmanın, xüsusilə futbolun ekoloji dəyərlərin təbliğində rolu barədə məlumat verilib. Maarifləndirmə görüşünün davamı olaraq məktəbin həyətində şagirdlərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Bu təşəbbüs uşaqlarda təbiətə qayğı, yaşıllıqların qorunması və ekoloji fəaliyyətlərdə fəal iştirak vərdişlərinin təşviqinə xidmət edib. Qeyd edək ki, “Yaşıl Top” layihəsinin əsas məqsədi uşaqlar və yeniyetmələr arasında ekoloji məsuliyyət hissini gücləndirmək, ətraf mühitin mühafizəsinə töhfə vermək, futbolun birləşdirici gücündən istifadə etməklə sağlam və dayanıqlı həyat tərzini təşviq etməkdir. Layihə çərçivəsində məktəblilərin ekoloji maarifləndirilməsi və onların təbiətin qorunmasına yönəlmiş təşəbbüslərə cəlb edilməsi istiqamətində tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.