Beynəlxalq Sahilyani Təmizlik aksiyasi zamani toplanmiş tullantilar təkrar emal ediləcək

07/09/2012 08:39

“Təmiz Şəhər” ASC Beynəlxalq Sahilyanı Təmizlik Aksiyasının 27-ci ildönümünə həsr olunmuş, Sentyabırın 22-si keçiriləcək ekoloji təşəbbüsə qatılacaq.

“Bu cür aksiyalar “Təmiz Şəhər” ASC tərəfindən alqışlanır. Aksiya zamanı toplanmış bütün tullantılar “Təmiz Şəhər” ASC-yə təhvil verilmiş və bu tullantılar sınaq rejimində fəaliyyət göstərən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidlənərək təkrar emala yararlı materiallar sənayeyə göndəriləcəkdir. Bununla da çeşidlənmiş tullantılar təkrar emal edilərək onlara ikinci həyat veriləcəkdir” – Təmiz Şəhər ASC-nin Layihələrin idarə olunması və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov qeyd edib.
Bütün dünyada Coca-Cola şirkəti tərəfindən dəstəklənən həmin aksiya çərçivəsində, Şüvəlan sahili zibil və tullantılardan təmizlənəcək. Beynəlxalq Sahilyanı Təmizlik Günü, sahillərin, daxili suların və okeanların məişət tullantıları və zibildən təmizlənməsi məqsədi ilə keçirilən, dünyanın ən böyük birgünlük könüllülük təşəbbüsüdür.

Təşəbbüsdə, həmçinin bir sıra dövlət və qeyri-hökümət təşkilatları– Milli Olimpiya Komitəsi, Azərbaycan Diplomatik Akademiyası, AMEC, “Green Baku” Klubu, “Təbiətin Dostları Klubu” iştirak edəcəklər.

Tədbir sentyabırın 22-si Şüvəlan qəsəbəsində “Zibili götür. Təmizlə. Fərqi Gör!” şüarı altında keçiriləcək.

Aksiyanın təşkilatçılarından biri olaraq, Coca-Cola şirkəti bütün iştirakçıları nəqliyyatla, üzərilərində loqotip olan köynəklərlə, soyuq içki ilə, naharla və təmizlik üçün lazımi avadanlıqla təmin edəcək.

Aksiyada iştirak etmək üçün 4369067 yaxud 4358509 telefonlarına zəng etməklə, info@redcom.az ünvanına məktub göndərməklə, tədbirin Facebook-dakı səhifəsində http://www.facebook.com/events/415004635214316/ qeydə alınmaqla qoşulmaq olar.