Azərbaycan Prezidenti İlham Əliyev Balaxanıda bərk məişət tullantılarının çeşidlənməsi zavodunun açılışında iştirak etmişdir
19/12/2012 04:21
Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balaxanıda bərk məişət tullantılarının çeşidlənməsi zavodunun açılışında iştirak etmişdir.
İqtisadi inkişaf naziri Şahin Mustafayev zavodun inzibati binasında yaradılmış şəraitlə tanış olan dövlətimizin başçısına tullantıların idarə edilməsi sahəsində görülmüş işlər barədə məlumat verdi.
Sonra Azərbaycan Prezidenti zavodun idarəetmə otağında müəssisənin iş mexanizmi ilə tanış oldu. Dövlətimizin başçısına zavodun fəaliyyəti və onun idarə edilməsi haqqında məlumat verildi. Bildirildi ki, məişət tullantılarının çeşidlənməsi və təkrar istehsalı biznesinin inkişaf etdirilməsi məqsədi ilə tikilən zavod ölkəmizdə bu sahədə ilk pilot layihədir. İllik istehsal gücü 200 min ton olan yeni zavodun səmərəli fəaliyyəti təbii sərvətlərə və enerjiyə qənaət etməyə, ətraf mühitə mənfi təsirin azaldılmasına imkan verəcəkdir.
Dövlətimizin başçısı müəssisədə yaradılmış şəraitdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.