“Təmiz Şəhər” ASC son 5 ildə böyük uğurlara imza atmışdır
08/10/2013 23:50
İllər öncə Balaxanı zibilxanasında əmələ gələn tüstü və üfunət iyi paytaxt sakinlərinin çox yaxşı xatirindədir. Bakıda əmələ gələn tullantılar hara gəldi atılır, Balaxanı zibilxanası isə dözülməz vəziyyətdə idi.
Milyonlarla sakinin məskunlaşdığı Bakı şəhərində bərk məişət tullantılarının düzgün zərərsizləşdirilməsi və yerləşdirilməsi sahəsində ciddi islahatlara ehtiyac yaranmışdır. Məhz bu səbəbdən, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 6 avqust 2008-ci il tarixli “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Sərəncamına əsasən “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti təsis edildi. Qısa müddətdə Səhmdar Cəmiyyət paytaxt ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun quraraq ekoloji vəziyyətinin yaxşılaşdırılması sahəsində ciddi uğurlara imza atmışdır. Belə ki, qısa müddət ərzində Bakı sakinlərini və paytaxt qonaqlarını narahat edən “Balaxanı” problemi öz həllini tapmışdır.
2009-cu il oktyabrın ortalarında “Təmiz Şəhər” ASC-yə təhvil verilən Balaxanı poliqonunda qısa müddətdə məişət tullantılarının yanma mənbələri təmamilə ləğv edilmiş, tüstü örtüyü aradan qaldırılmış, poliqon tam hasara alınmış və mühafizə sistemi qurulmuş, tullantıların qəbulu qeydiyyatı yaradılmış, müasir daxili və xarici infrastruktur qurulmuş, işçilər üçün əlverişli iş şəraiti yaradılmışdır. Balaxanı poliqonunun tam müasir və Avropa Birliyinin ən sərt ekoloji tələblərinə cavab verən poliqona çevrilməsi Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi layihəsi çərçivəsində həyata keçirilmişdir. Qeyd edək ki, Dünya Bankı ilə Azərbaycan Respublikası Hökumətinin həyata keçirdiyi Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi layihəsinin məqsədi bərk məişət tullantılarının yığılması və utilizasiyası işinin davamlı və sistemli şəkildə qurulmasına dəstək verməkdir.
Balaxanı tullantı poliqonunun yenidən qurulması ilə yanaşı, “Təmiz Şəhər” ASC yarandığı gündən uğurlu beynəlxalq təcrübəni öyrənmək və Azərbaycan Hökümətinin dəstəyi ilə Bakı şəhərində həyata keçirilməsi üçün əməli işlərə başlayıb. Bakı şəhərində tullantıların düzgün zərərsizləşdirilməsi sahəsində atılmış ən uğurlu addım Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun inşası olmuşdur.
19 dekabr 2012-ci il tarixində rəsmi açılışı olmuş zavod ildə 500 min ton məişət və 10 min ton tibbi tullantı emal etmək gücündədir. Balaxanı qəsəbəsində Fransanın CNİM şirkəti tərəfindən 20 hektar ərazidə inşa olunmuş zavodda tullantıların yandırılması prosesi nəticəsində il ərzində 231,5 mln. KVt/saat elektrik enerjisi əldə edilir ki, bu da 100 minədək ailənin enerjiyə olan tələbatını ödəmək iqtidarındadır. Məhz bu səbəbdən son illər dünyada bu cür zavodlar tullantıların yandırılması zavodları deyil, “tullantıdan enerjiyə” zavodları adlanır.
İstehsal gücünə görə bu zavod Şərqi Avropada və MDB məkanında ən iri bu tipli zavod hesab olunur. Dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulan bu müasir zavod Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir. Zavodun fəaliyyəti nəticəsində atmosferə atılan istilik effekti yaradan qazların azaldılması üzrə layihə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında qəbul olunmuş Kyoto Protokolunun Təmiz İnkişaf Mexanizmi çərçivəsində uğurla qeydiyyatdan keçmişdir.
Tullantıların idarə edilməsi konsepsiyasına əsasən tullantıların 2 dəyəri vardır – enerji və xammal. Tullantıların tərkibində mövcud təkrar emala yararlı xammalın əldə edilməsi və istehsalata yönəldilməsi, təbii sərvətlərə qənaət “Təmiz Şəhər” ASC-nın həyata keçirdiyi əsas fəaliyyət istiqamətlərindəndir. Bu məqsədlə, Balaxanı qəsəbəsində inşa edilən illik gücü 200 min ton olan Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu 19 dekabr 2012-ci il tarixində tam istismara verilmişdir. Çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı olacaq kağız, şüşə, plastik, əlvan metal, dəmir və digər xammallar ayrılır ki, bu da tullantıların ümumi həcmini azaldır, enerjiyə qənaət olunur və ən önəmlisi tullantıların ətraf mühitə mənfi təsirini azaldır. Belə ki, yalnız 1 ton kağız məhsulunun təkrar emalı 17 ağacın kəsilməsinin qarşısını almış olur. Çeşidləmənin ekoloji mənfəətləri ilə yanaşı ucuz xammal bazarı formalaşır, ölkədə təkrar emalın qurulması üçün zəmin yaranır və iqtisadiyyatın idxaldan asılılığı azalmış olur.
Şəhərin ekoloji vəziyyətini yaxşılaşdırmaq və gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında daha da inkişaf etdirmək Səhmdar Cəmiyyətin əsas prinsiplərindən biridir.
Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin Sərancamına əsasən, Balaxanı Sənaye Parkı təsis edilmişdir. Balaxanı Sənaye Parkında yaşıl biznes sənayəsini inkişaf etdirmək istəyən müəssisələr üçün bütün lazımi şərait yaradılacaqdır. Beləliklə, bir istehsal sahəsinin tullantısından digər istehsal sənayesində xammal kimi istifadə olunacaq, təkrar emal nəticəsində təbii resurslara və enerjiyə qənaət olunacaq, ölkədə xammal idxalından asılılıq azalacaqdır. Azərbaycan hökumətinin yaşıl biznesi, o cümlədən təkrar emal sənayesini bu cür dəstəkləməsi bu sahələrin surətlə inkişafına gətirib çıxaracaqdır ki, bu da ölkə iqtisadiyyatının çox şaxəli inkişafı ilə yanaşı, ətraf mühit və insan səhhətinə mənfi təsirləri və riskləri azaltmış olacaq.
Lakin Cəmiyyətin qarşısında bir çox vəzifələr və məqsədlər var. Görülmüş və görüləcək işlər Bakı şəhərində tullantıların idarə edilməsi işini təkmilləşdirməklə ekoloji vəziyyətin yaxşılaşması və insan sağlamlığına mənfi riskləri azaltmış olacaq.
Tullantıların idarə edilməsi işinin uğurlu və davamlı olması ictimai davranışdan çox asılıdır. Bu istiqamətdə “Təmiz Şəhər” ASC tərəfindən müxtəlif tədbirlər həyata keçilir və bu tədbirlərə böyük önəm verilir. Bu günədək Cəmiyyət tərəfindən çox saylı yay məktəbləri, iməcliklər, ağac əkmə və yaşıllıq kampaniyaları, müxtəlif ekoloji-oyunlar, mühazirələr, konfrans ve seminarlar, zavodlara turlar və s. təşkil edilmişdir. Bu tədbilərdən ən önəmlisi və ictimaiyyətə çox tanış olan Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Təmiz Qala” layihəsidir. Avropada tulantıların müxtəlif rəngli konteynerlər üzrə çeşidlənmiş şəkildə toplanması bir çoxlarına məlumdur. Adı çəkilən layihə çərçivəsində də Qala qəsəbəsində əmələ gələn məişət tullantıları üzvi və qeyri-üzvi tullantılar üzrə çeşidlənərək müxtəlif rəngli konteynerlərə toplanır və çeşidlənmiş şəkildə daşınır.
Düz 5 il öncə Balaxanı qəsəbəsi yaxınlığından insanlar öz yollarını salmırdılarsa, bu gün bir çox ölkələrdən dövlət rəsmiləri, icra nümayəndələri, mütəxəssislər və digər qonaqlar Balaxanı qəsəbəsində tullantıların idarə edilməsi sahəsində yaradılmış müasir infrastrukturla tanış olmaq üçün ölkəmizə gəlirlər. Bu gün paytaxt Bakı tullantıların düzgün zərərsizləşdirilməsi sahəsində öz tərübəsi ilə bir çox ölkələrə nümunədir. Bütün bu işlərin qısa müddətdə çox uğurla həyata keçirilməsi dövlətin bu sahəyə qayğısının və iradəsinin təcəssümüdür.
