«Təmiz Şəhər» ASC məktəblilərə “Xəzan şəfəqi” adlı ustad dərsləri keçib

17/10/2016 10:50

“Təmiz Şəhər” ASC və “KidsArt” uşaq studiyası Qala qəsəbəsindəki 323 nömrəli məktəbdə “Xəzan şəfəqi” adlı ustad dərsləri təşkil edib.

Şagirdlərə tullantıların səmərəli istifadəsi və idarə olunması haqqında məlumat verən “Təmiz Şəhər” ASC-nin əməkdaşı məktəblilərə lazımsız əşyalardan şamdan, yarpaq və boş bankalardan ev üçün faydalı əşyalar düzəltməyi öyrədib.

“Təmiz Şəhər” ASC tərəfindən mütəmadi olaraq keçirilən bu ustad dərslərinin məqsədi uşaqlarda tullantıların idarə olunması vərdişlərini formalaşdıraraq, onlara tullantıların faydalı olmasını aşılamaqdır.

Qeyd edək ki, ölkədə tullantıların idarə olunmasını təkmilləşdirmək və tullantıların düzgün idarə edilməsi sistemini qurmaq məqsədi ilə Heydər Əliyev Fondunun təşəbbüsü əsasında Qala qəsəbəsi ərazisində “Təmiz Şəhər” ASC tərəfindən “Təmiz Qala” pilot layihəsi həyata keçirilir. Layihənin məqsədi Qala qəsəbəsi ərazisində tullantılarının yığım və daşınmasını, o cümlədən sonrakı utilizasiyasını müasir standartlara uyğun təşkil etməkdir.