“Təmiz Şəhər” ASC-də 20 Yanvar şəhidləri anıldı
19/01/2017 20:33
Yanvarın 18-də “Təmiz Şəhər” ASC-də 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib. Qurumun rəhbərliyi və əməkdaşları qanlı hadisə şəhidlərini anıblar.
Bir dəqiqəlik sükutla faciə qurbanları anıldıqdan sonra “Təmiz Şəhər”in idarə heyətinin sədri Etibar Abbasov çıxış edib. O, günün tarixi əhəmiyyəti barədə danışaraq bugünkü müstəqilliyimizdə 20 yanvar tarixinin mühüm yeri olduğunu bildirib. Etibar Abbasov Azərbaycan xalqının 27 ildir ki, hörmətlə andığı şəhidləri heç vaxt unudulmayacağını söyləyib.
ASC sədri bu qanlı hadisəyə ilk dəfə ümummilli lider Heydər Əliyevin öz münasibətini bildirdiyini xatırladıb. Etibar Abbasov bildirib ki, ulu öndər 20 Yanvar gününün səhərisi artıq Moskvada çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd olduğunu deyib.
Qurumun rəhbəri bildirib ki, ölkə Prezidenti İlham Əliyevin bu qürurlu tarixin unudulmaması, gənc nəsillərə öyrədilməsi üçün hər il hadisənin ildönümünün keçirilməsi ilə bağlı sərəncam imzalayır və özü şəxsən anım tədbirlərində iştirak edir.
Sonra 20 Yanvarla bağlı film nümayiş olunub və “Təmiz Şəhər”in rəhbərliyi və əməkdaşları birlikdə bu filmə baxıb, həm film, həm hadisə barədə öz fikrlərini bölüşüblər.







