Dünya Bankı və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Azərbaycanda seminar keçirdilər
30/09/2009 11:00
29 sentyabr 2009-cu il tarixdə Dünya Bankı və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Azərbaycanda Bərk Məişət Tullantılarının Kompleks İdarə Edilməsi Layihəsinin başlanmasına həsr edilmiş seminarı həyata keçirdilər. Bu layihə üzrə 29,5 mln ABŞ dolları məbləğində Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı krediti üzrə maliyyələşdirmə sazişi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziri cənab Şahin Mustafayev və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri cənab Qreqori Yedjeyçak tərəfindən 20 may 2009-cu ul tarixində imzalanmışdır. Layihənin məqsədi məişət tullantılarının idarə edilməsi üzrə yeni yaradılmış Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin potensialını formalaşdırmaq, mövcud rəsmi məişət tullantıları poliqonunun idarə edilməsini təkmilləşdirmək və qeyri-rəsmi zibilliklərin bağlanması və təmizlənməsinə yardım göstərməkdən ibarətdir. Layihə çərçivəsində Bakının inzibati ərazisinə daxil olan beş şəhər ətrafı rayonda məişət tullantılarının yığılması məqsədilə avadanlığın təchiz edilməsi də nəzərdə tutulur.
Layihənin ümumi dəyəri 41.5 mln ABŞ dollardır. Bu məbləğin 29,5 mln ABŞ dolları Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının kredit vəsaitidir və 12 mln ABŞ dolları isə Azərbaycan Hökumətinin layihədə iştirak payıdır. Layihə 5 komponentdən ibarətdir. Birinci komponent çərçivəsində məişət tullantılarının idarə edilməsi məqsədilə yaradılmış “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin institusional quruculuğu prosesinə yardım göstəriləcək. İkinci komponent Balaxanı məişət tullantıları poliqonunun reabilitasiyası və idarə edilməsinin təkmilləşdirilməsindən ibarətdir. Üçüncü komponent digər qeyri-rəsmi zibilliklərin bağlanması və təmizlənməsini nəzərdə tutur. Dördüncü komponent çərçivəsində Bakının mərkəzi hissəsindən kənarda yerləşən rayonlarına məişət tullantılarının yığılması üçün xüsusi avadanlıq təchiz ediləcək. Beşinci komponent isə layihənin başa çatmasından sonrakı dövr üçün strateji planlaşdırma məsələlərini əhatə edir.