Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Qala qəsəbəsində VII Beynəlxalq “Tullantıdan sənətə” sərgisi baş tutub

30/09/2018 22:50

Sentyabrın 30-da “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində VII Beynəlxalq “Tullantıdan sənətə” sərgisi çərçivəsində yaradılan əsərlərin təqdimatı olub.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak ediblər.

Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə təşkil edilən sərgidə 12 ölkədən – Azərbaycan, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Rumıniya, Bəhreyn, Oman, İran, Latviya, Bosniya və Herseqovinadan olan 27 incəsənət nümayəndəsinin əsərləri nümayiş edilib. Məişət tullantılarından istifadə olunaraq hazırlanan sənət nümunələri maraqla qarşılanıb.
Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.