Heydər Əliyev Fondunun dəstəyi ilə Qala Dövlət Tarix Etnoqrafiya qoruğunda festival keçirilib

04/06/2010 10:49

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan xalqının zəngin tarixi keçmişini, qədim və mükəmməl məişət ənənələrini yaşatmaq, gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədilə bu gün Qala Dövlət Tarix Etnoqrafiya qoruğunun ərazisində “Qala festivalı” keçirilib. Beş min il tarixi olan qəsəbədə III minillikdən başlayaraq, XX əsrə qədər tarixi olan kurqanlar, sərdabələr, yaşayış evləri, məqbərələr, məscidlər, hamamlar, qədim əsrin qalıqları mövcuddur. Vaxtilə Qalada salınmış məhəllələrdən bir neçəsi bu günədək qorunub saxlanıb.

2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan açıq səma altında ilk Arxeoloji Etnoqrafik Muzey kompleksində yerli tarixi və mədəni abidələrlə yanaşı, Abşeron rayonunda aşkar edilən digər arxeoloji tapıntılar yer alıb. Muzey kompleksində eramızdan əvvəl III-II minilliklərə aid yaşayış və digər memarlıq abidələri ilk görünüşündə olduğu kimi qurulub.

Elə bu gün Heydər Əliyev Fondu və “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinin birgə layihəsi əsasında Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunda tullantıların idarə olunması layihəsinə start verilib. Layihə Qoruq ərazisində tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulmasını nəzərdə tutur. “Şirvanşahların yüksəlişi” tarixi-iqtisadi oyunu IX-XIII əsr Azərbaycan şəhərlərinə əyləncəli səyahət təklif edir.