5 iyun “Ümumdünya ətraf mühit günü”dür
05/06/2010 22:55
1972–ci ilin iyunun 5-də BMT-nin Baş Assambleyasının Stokholm şəhərində keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olmuş, problemin kəskinliyi, əhali arasında ekoloji maarifləndirmənin genişləndirilməsinin əhəmiyyəti, bu sahədəki problemlərə diqqətin yönəldilməsinin vacibliyi nəzərə alınaraq iştirakçılar tərəfindən 5 iyunun “Ümumdünya ətraf mühit günü” kimi qeyd olunması qərara alınmışdır. 1973-cü ildən başlayaraq 5 iyun bütün dünyada “Ümumdünya ətraf mühit günü” kimi qeyd olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətraf mühitin qorunması, ekoloji problemlərin həlli məsələlərini daim diqqət mərkəzində saxlaması ölkəmizdə ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə böyük təkan vermiş, bu sahədə iri layihələr uğurla həyata keçirilmişdir. Hazırda bu işlər davam etdirilir. Dövlət başçısının 2010-cu ili “Ekologiya ili” elan etməsi ekoloji problemlərin həlli ilə məşğul olan dövlət qurumlarının qarşısında mühüm vəzifələr qoymuşdur.
“Təmiz Şəhər” ASC təsis edildiyi gündən ətraf mühitin mühafizəsi və insanların sağlamlığının təmin edilməsinə yönəlmiş bir çox tədbirlər həyata keçirmişdir. Balaxanı şəhər məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunda görülmüş işlər nəticəsində ərazinin ətraf mühitə mənfi təsirləri azalmışdır. Səhmdar Cəmiyyət həmçinin, ölkəmizdə ekoloji problemlərin həllində cəmiyyətin iştirakını təmin etmək və ictimaiyyətin ekoloji problemlərə diqqətini artırmaq məqsədilə müxtəlif tədbirlər keçirir.
“Ümumdünya ətraf mühit günü”ndə ictimaiyyətin diqqətini ekoloji problemlərə bir daha cəlb etmək məqsədilə “Təmiz Şəhər” ASC “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda məişət tullantılarından hazırlanmış ağac nümayiş etdirib. Tullantılardan hazırlanmış ağacın məhz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində nümayiş etdirilməsi həç də təsadüf deyil. Belə ki, İçərişəhərin təmizliyinin və gözəlliyinin qorunması məqsədilə bu ilin fevral ayından etibarən “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə qoruq ərazisində yaranan məişət tullantılarının çeşidlənməsi üzrə tədbirlər görülür. Artıq qoruq ərazisində üzvi və qeyri-üzvi tullantıların çeşidlənməsinə başlanılıb, tullantıları ayırmaq üçün xüsusi işarələnmiş konteynerlər yerləşdirilib və əhaliyə ikiseksiyalı tullantı qabları paylanılıb.