Ekologiya ili çərçivəsində İçərişəhər gənc sakinləri üçün “Kreativ ekoloji dizayner” tədbiri keçirildi
30/10/2010 10:51
Ekologiya ili çərçivəsində “Təmiz Şəhər” ASC, “İçərişəhər” DTMQ və «EkoSfera» Sosial-Ekoloji Mərkəzi bu gün İçərişəhərin gənc sakinləri ilə “Kreativ ekoloj dizayner” informasiya-yaradıcı xarakterli tədbir keçirmişdir.
İçərişəhərin kiçik sakinləri iyul və avqust aylarında hər həftə, cümə-bazar günləri «EkoSfera» Mərkəzinin mütəxəssisləri və layihənin könüllüləri, “Təmiz Şəhər” ASC-nin mütəxəssisləri, eləcə də dəvət olunmuş usta və rəssamların köməyi ilə Zərifə Salahovanın şəxsi miniatur kitab muzeyində ətraf mühitin mühafizəsi, məişət tullantılarının təkrar emalı və utilizasiyası, təbii sərvətlərin mühafizəsi problemləri ilə oyun formasında təşkil olunmuş görüşlər vasitəsilə tanış olublar.
İnformasiya-yaradıcı xarakterli görüşlərdə uşaqlara tullantılar və ekoloji nişanlar haqqında faktlar və rəqəmlər, bərk məişət tullantılarının kateqoriyalarına dair misallar, qida tullantılarını hara atmalı, makulatura, metal qablar və şüşə ilə nə etməli, məişət tullantılarının azaldılması qaydaları mövzularında məlumat verilmışdir. Yaradıcı məşğələlərdə uşaqlar tullantılar haqqında cizgi filmləri (animasiya) çəkmiş və müxtəlif tipli tullantı konteynerləri modelləşdirərək onlar üçün dizayn düşünüb tapmışlar. Bundan başqa, onlar üzərində naxışlar olan ekoloji çantalar hazırlayıb.
Məşğələ zamanı gənc yaradıcılar kağız tullantılardan təkrar istifadə edərək miniatur kitab və qeydlər üçün albomlar yaratmış, onları applikasiya və qurama ilə bəzəyərək, üzərinə İçərişəhər haqqında fikirlərini, ətraf mühiti qorumaq çağırışlarını yazmışlar.
Bu kitablar hazırda İçərişəhər Miniatur kitab muzeyində xüsusi rəflərdə nümayiş etdirilir.
Uşaqlarla görüşlər «Bərk məişət tullantılarının toplanması və çeşidlənməsi (İçərişəhərdə pilot layihə)» layihəsi çərçivəsində keçirilmişdir. «EkoSfera»nın «Təmiz Şəhər» ASC-nin tərəfdaşlığı ilə həyata keçirdiyi bu layihə Statoil və Avstriya Səfirliyinin maliyyələşdirdiyi ATƏT-in «Təhlükəsizlik və Ətraf Mühit sahəsində Vətəndaş Təşəbbüsləri» Kiçik Qrantlar Proqramı çərçivəsində təsdiq edilmişdir.
İçərişəhərin kiçik sakinləri bu layihədə aktiv iştirak rəmzi olaraq, fəxri diplom və hədiyyələrlə təltif edilmişlər.