Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi üzrə məsləhətçi şirkətlər seçilib

13/11/2010 11:00

Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi çərçivəsində 4 istiqamətdə məsləhətçi şirkətlərin seçilməsi məqsədilə keçirilmiş beynəlxalq tenderdə qalib gəlmiş şirkətlər artıq fəaliyyətə başlamışdır.

Strateji və sektorun yenidənqurulması üzrə məsləhət xidmətlərinin həyata keçirilməsi üçün Türkiyənin “Ekodenge” şirkəti ilə müqavilə imzalanmışdır. Bu xidmətlərə əsasən, “Ekodenge” Bakı şəhərində bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf strategiyası və “Təmiz Şəhər” ASC üçün uzun müddətli strateji planın hazırlanmasında məsləhət xidmətləri göstərəçək. Bundan başqa, “Ekodenge” şirkəti tərəfindən demoqrafik göstəricilərə əsasən tullantı miqdarının proqnozlaşdırılması, mövcud tullantı idarəçiliyi sistemi, tullantıların tərkibinin tədqiqi, institusional və maliyyə analizləri, tariflərin öyrənilməsi və hüquqi aspektlər üzrə analitik təhlillərin hazırlanması planlaşdırılır.

İdarəetmə dəstəyinin göstərilməsi üzrə məsləhət xidmətlərinin həyata keçirilməsi üçün Böyük Britaniyanın “Integrated Skills Limited” şirkəti ilə imzalanmış müqaviləyə uyğun olaraq, şirkət “Təmiz Şəhər” ASC-nə ən yüksək keyfiyyət standartlarına əsaslanan müasir bərk məişət tullantıları idarəçiliyi sistemini qurmaqda dəstək, həmçinin Cəmiyyətin gələcək fəaliyyətini beynəlxalq təcrübəyə uyğun formalaşdırmaq məqsədilə idarəetmə üzrə məsləhət xidmətləri göstərəcək.

Tullantı poliqonlarının bərpası və ya bağlanması üzrə məsləhət xidmətlərinin həyata keçirilməsi üçün Yunanıstanın “Harress Pickel Consult AG” şirkəti ilə müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, məsləhətçi şirkət “Təmiz Şəhər” ASC tərəfindən bərpasına başlanılmış Balaxanı tullantı poliqonunun, o cümlədən, Bakı şəhəri ərazisində yerləşən digər tullantı poliqonlarının bərpası və ya bağlanması üzrə layihələri hazırlaycaq ki, bu da tullantıların idarə edilməsi sisteminin təkmilləşdirilməsi və bərk məişət tullantılarının ətraf mühitə zərərli təsirinin azaldılması məqsədini daşıyır.

Bundan başqa, Balaxanı tullantı poliqonu daxil olmaqla Bakı şəhərində yerləşən tullantı poliqonlarının bərpası və ya bağlanması nəticəsində ətraf mühitə ekoloji təsirin qiymətləndirilməsi üzrə məsləhət xidmətlərinin həyata keçirilməsi üçün Azərbaycanın “ACEP” şirkəti ilə müqavilə imzalanmışdır. Şirkətin göstərəcəyi xidmətlərə əsasən, layihənin komponentlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi və idarəçiliyi planının hazırlanması vasitəsilə Bakı şəhəri ərazisində tullantıların idarə edilməsi sisteminin təkmilləşdirilməsi və bərk məişət tullantılarının ətraf mühitə zərərli təsirinin azaldılması həyata keçiriləcəkdir.