“Təmiz şəhər” ASC və ARDNŞ Ekologiya İdadərsi arasında yaradılmış işçi qrupu öz işini başa çatdırmışdır
03/06/2011 23:55
ARDNŞ-nin Abşeron yarımadasındakı ərazilərində qeyri-qanuni tullantı sahələrinin müəyyən edilməsi məqsədilə “Təmiz Şəhər” ASC və Ekologiya İdarəsi arasında yaradılmış işçi qrupu monitorinq işlərini başa çatdırmışdır. Aparılmış ekoloji müşahidələr və keçirilmiş reydlər zamanı ARDNŞ-nin balansında olan ərazilərdə bir sıra qeyri-qanuni tullantı sahələri aşkar olunmuş və monitorinqin yekunu olaraq İşçi qrup tərəfindən hesabat hazırlanmışdır.
Həmin hesabatda qeyri-qanuni tullantı sahələrinin ləğv olunması və ARDNŞ-nin balansında olan ərazilərə bərk məişət tullantıları atılmasının qarşısının alınmasına dair təkliflər verilmişdir.
ARDNŞ-nin istehsalat sahələrinə yaxın olan yaşayış massivlərində qeyri-qanuni zibilliklərin təmizlənərək bələdiyyələrə təhvil verilməsi, həmin ərazilərin təmiz saxlanılması üçün yaşayış massivlərində zibil qabları yerləşdirilməsinin tələb edilməsi, bərk məişət tullantılarının yığılması istiqamətində əhalinin maarifləndirilməsi məqsədilə ekoloji təbliğat işlərinin aparılması, ARDNŞ-nin balansında olan bütün ərazilərin imkan daxilində çəpərlənməsi və müvafiq işarələrin qoyulması kimi təkliflər hesabatda öz əksini tapmışdır.
