Bakıda “Müstəqil Azərbaycan 20 ildə” sərgisi keçirilmişdir.

29/09/2011 10:51

27 sentyabr 2011-ci il tarixində Bakı sərgi mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərqərar olmasının 20 illiyi münasibətilə “Müstəqil Azərbaycan 20 ildə” adı altında milli sərginin açılışı keçirilmişdir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sərgi ilə tanış olmuşdur. İqtisadi İnkişaf Naziri Şahin Mustafayev, 2003-2011-ci illərin – ölkəmizin sürətli inkişaf dövrünün göstəriciləri haqqında danışmış, sərgi iştirakçıları haqda məlumat vermişdi.

“Təmiz Şəhər” ASC –nin yerləşdiyi pavilyonla tanışlıq zamanı ölkə başçısına məlumat verildi ki, müasir standartlara uyğun şəkildə tullantıların yerləşdirilməsini və utilizasiyasını həyata keçirən struktur paytaxtda ekoloji vəziyyətin yaxşılaşdırılması ilə əlaqədar önəmli işlər həyata keçirir. Bu tədbirlərə həmçinin hazırda tikintisi davam etməkdə olan bərk məişət tullantılarının yandırılması zavodunu da aid etmək olar. Stendlərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Təmiz Qala” layihəsi çərçivəsində Bakı kəndi olan Qalada aparılan işlər barədə ətraflı məlumat təqdim olunmuşdur.

3 gün davam edən sərgidə 130-dan çox müəssisə, təşkilat və şirkət iştirak etmişdir. 11 min kvadrat metr sahəni əhatə edən sərgidə Azərbaycanın son 20 ildə əldə etdiyi uğurlar, o cümlədən ölkəmizin sənaye, yanacaq-energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, ekologiya, turizm, tikinti, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə qazandığı nailiyyətlər nümayiş edilmişdir.