Prezident İlham Əliyev Zığ gölünün kompleks bərpası layihəsi ilə tanış oldu
03/02/2015 11:55
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Prezident İlham Əliyevə Zığ gölünün kompleks bərpası layihəsi çərçivəsində görülən işlər barədə məlumat verdi.
Layihə dövlətimizin başçısının “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” 2014-cü ildə imzaladığı Sərəncama əsasən həyata keçirilir. Burada işlərin görülməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib. Qısa müddətdə gölün mühafizəsi təmin olunub, buraya məişət tullantılarının atılmasının qarşısı alınıb. Layihə çərçivəsində çirklənmə mənbələrinin, istismara yararsız neft quyularının və digər qurğuların ləğv edilməsi, gölün səviyyəsini saxlamaq üçün çirkab suların təmizlənərək buraya axıdılması, dib çöküntülərinin zərərsizləşdirilməsi işlərinin aparılması nəzərdə tutulur. Beləliklə, gölün ərazisi təbii məcrasına uyğunlaşdırılacaq. Hazırda gölün müfəssəl layihəsinin hazırlanması üçün beynəlxalq məsləhətçi şirkətlərin işə cəlb olunması ilə bağlı tədbirlər görülür. Gölün istifadəsi və mühafizəsi sahəsində idarəetmənin həyata keçirilməsi ilə əlaqədar təşkilati-təsərrüfat işlərinin görülməsi, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi “Təmiz Şəhər” ASC-yə həvalə edilib.
